MİDA üçün evlər tikən tanınmış şirkət rəhbəri buna görə həbs edilib

  • 01.02.2021, 16:10,
  • Xəbər
  • Baxılıb: 74
MİDA üçün evlər tikən tanınmış şirkət rəhbəri buna görə həbs edilib

Azərbaycanda Mənzil İnşaatı Dövlət Agentliyi üçün binalar tikən “KAT Holdinq”in rəhbəri Elçin Ələkbərov həbs edilib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bir müddət öncə mətbuatda MİDA-nın Yasamal Yaşayış Kompleksində satılan mənzillərdə problem olması, tikintinin tam yekunlaşmaması barədə şikayətlər dərc olunurdu.

MİDA isə bildirib ki, “KAT Holdinq”lə əldə edilən razılığa görə, tikdiyi binalardan ikisi şirkətdə qalıb, satışı da onlar özləri həyata keçirib. Yəni, narazılıq olan binalar kompleksin ərazisində olsa da, MİDA-ya aid deyil.

Daha sonra məlum olub ki, həmin tikinti işləri holdinqin sahibi Elçin Ələkbərov həbs edildiyi üçün yarımçıq qalıb.

Belə ki, Azərbaycanda bizneslə məşğul olan Litva vətəndaşı Povilas Pociusa “KAT Holdinq”lə müqavilə imzalayaraq 3 milyon 26 min manat ödəniş edib və əvəzində holdinqin 50 faizi payına sahiblik edib.

“KAT Holdinq”lə Povilas Pociusa arasında inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin veriləcəyinə dair müqavilə imzalanıb, həmçinin şirkətin balansında olan zavod da girov qoyulub. Beləliklə, 3 milyon yatırımın əvəzində təxminən 10 milyonluq mülk girov qoyulub.


Binaların tikintisinin yekunlaşmasına az vaxt qalarkən Povilas Pociusa pulunu geri tələb edib və polisə şikayət ünvanlayıb. Ötən il Xətai RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılsa da, istintaq zamanı bunun mülki məsələ olduğu, cinayət tərkibi olmadığı müəyyən edilib və cinayət işinə xitam verilib.

Litva vətəndaşı Povilas Pociusa bu dəfə prokurorluğa şikayət edib. Korrupsiyaya qarşı Mübarizə İdarəsində Elçin Ələkbərova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və o həbs edilib. Onun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbs qoyulub.

Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir. 6 aydır həbsdə olan E.Ələkbərovla birlikdə holdinqin direktoru Mail İbadov da cinayət məsuliyyətinə cəlb edilib və onun barəsində polisin nəzarətinə vermə qərarı verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter