Xəbər verdiyimiz kimi, bu gün Qubadlının işğaldan azad edilməsindən 3 il ötür. “Qanunyolutv.az” xəbər verir ki, 27 ildən sonra azad olunan Qubadlıda digər azad olunmuş şəhərlərdə olduğu kimi bərpa-quruculuq işləri gedir.
Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb.
2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Həmçinin dövlət başçısı və birinci xanım 2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Belə ki, Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.
Bundan başqa, bu il may ayının 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Həmin gün dövlət başçısı Qubadlı rayonunun Mahruzlu kəndinin də təməlini qoyub.
İlham Əliyev mayın 4-də, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.
Prezident, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın da təməlini qoyub.
Bundan başqa, Azərbaycan Prezidenti mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının da təməlinin qoyulması mərasimində iştirak edib.
Həmin gün dövlət başçısı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin də təməlini qoyub.
Həmçinin 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncamla Qubadlı Şəhəri Günü (25 oktyabr) təsis edilib.