Yurdumuza bahar gəlir! "Qanunyolu.info.az" kollektivi xalqımızı təbrik edir.
- 20.03.2021, 01:30,
- Sosial / Mədəniyyət / Xəbər
Baxılıb: 91
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.Bayramlar… Onların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.
Tarixi, çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və s, çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiləvin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.
Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə (ümid), sumax (bərəkət), sikkə (varlıq), saat ( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbə ev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın. Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
"Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından bütün Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edirəm. Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun! Azərbaycanın Milli Bayramı “Novruz Bayramı”nız Mübarək!"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı

Şərh yaz