İcra Hakimiyyətindən şəhid atasıyla bağlı yayılan məlumata münasibət

İcra Hakimiyyətindən şəhid atasıyla bağlı yayılan məlumata münasibət

Binəqədi rayon İcra Hakimiyyəti Birinci Qarabağ müharibəsində şəhid olmuş Elman Zaqarovun atası Qəhrəman Zaqorovun iddialarına münasibət bildirib.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya daxil olan məlumata istinadən bildirilir ki, İcra Hakimiyyəti Vüqar Süleymanov adlı şəxs tərəfindən fevralın 5-i və 6-sı tarixlərində Binəqədi rayonu Xocəsən qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılmasını müəyyən edib və qanunsuz tikintinin qarşısı alınıb:

“Vüqar Süleymanov qanunsuz tikinti işlərinin aparılmasının baş tutmayacağını anladıqda, Qəhrəman Zaqarov adlı şəxsdən istifadə edərək onun tikintisi kimi qələmə verməyə cəhd göstərib. Tikinti materialları ərazidən aparılan zaman Qəhrəman Zaqarov adlı şəxs özünün şəhid ailəsi olmasını, həmin ərazinin ona ayrıldığını və tikintini nəvəsi üçün apardığını bildirib.

Vüqar Süleymanov isə tikintini oğlu üçün etdiyini və Qəhrəman Zaqarovun onun qayınatası olmasını bildirib. Q.Zaqarov və V.Süleymanovla aparılan söhbət zamanı qanunsuz tikinti aparılmasına cəhd edilən ərazidən bir tikilinin iki ayrı-ayrı şəxs üçün inşa ediləcəyi bildirilib.

10.02.2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Qəhrəman Zaqarov və Vüqar Süleymanov adlı şəxslər qəbul edildiyi zaman Bakı Şəhəri İcra Hakimiyyətinin 678 saylı 08.06.1992-ci il tarixli Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsinin ona ayrılması barədə sərəncamını təqdim ediblər. Sərəncama əsasən Dövlət Neft Şirkətinin balansında olan Xocəsən qəsəbəsi ərazisində 2.0 ha torpaq sahəsində Q.Zaqarova zeytun ağaclarının əkintisinə icazə verilməsinə baxmayaraq, ümumiyyətlə zeytun ağaclarının əkilmədiyi müəyyən edilib.

Aparılmış araşdırma zamanı vətəndaşın iddia edərək qanunsuz tikinti aparmaq istədiyi torpaq sahəsi ümumiyyətlə Q.Zaqarova zeytun ağaclarının əkintisi məqsədilə ayrılmış torpaq sahəsinə aid olmadığı müəyyən olunub. Q. Zaqarov qəbul zamanı 2.0 ha torpaq sahəsini 1992-ci ildən etibarən hissə-hissə 1 (bir) sotu 400,0 manata kənar şəxslərə fərdi yaşayış evlərinin tikintisinin aparılması üçün satdığını bildirib.

Həmin ərazidə bundan əvvəl 7 dəfə fərqli şəxslər tərəfindən özbaşına fərdi yaşayış evinin tikintisinin aparılmasının qarşısı alınıb və vətəndaşlara yerində hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi izah edilib.

Qeyd olunanlardan əlavə, vətəndaşlar Q.Zaqarov və V. Süleymanov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilərək, torpaq sahəsinin sənədsiz olması, tikintini qanunsuz aparması və ümumiyyətlə tikintinin şəhid ailəsinə aidiyyatı olmadığı izah edilib”.

Qeyd edək ki, sözügedən videoda 80 yaşı olduğu deyilən şəhid atasının söküntü ilə bağlı şikayəti əksini tapıb. Həmin şəxs şikayət müraciətində eyni ərazidə digər yaşayış evlərinin olduğunu bildirərək onun evinin söküldüyünü qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter