Qaradağ rayonunda 26-iyun silahlı qüvvələr gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
"Qanunyolu.info.az" xəbər verir ki, tədbir Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidlərin məzarlarının ziyarəti ilə başlayıb.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra nümayəndələri, Milli Məclisin deputatları şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Heydər Əliyev mərkəzində böyük konfrans zalında davam etdirilib.
Tədbirdə Süleyman Mikayılov nitq söyləyib. O, Ordumuzun yaranma tarixindən bəhs edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı ordumuz tərəfindən qəhrəmancasına alınmış, düşmənə layiqli cavab verilmiş, xeyli ərazi azad edilib. Eyni zamanda, Naxçıvan ərazisində Günnüt kəndi, strateji yüksəklik ələ keçirilib.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz mütləq qələbə əldə etmiş, torpaqlarımızı düşməndən azad edərək Zəfər bayramına imza atıb.
Bu müharibədə Qaradağ rayonundan 914 nəfər ehtiyatda olan hərbi qulluqçu döyüşlərdə iştirak etmişdir. 154 yaralı, 30 şəhidimiz olmuşdur. 43 ailə mənzillə təmin olunub.
İştirakçılardan rayonumuz üzrə döyüşlərdə fədakarlığına görə 1 nəfər ordenlə, 26 nəfər isə medalla təltif olunub.
Digər çıxış edən Milli məclisin deputatları şanlı ordumuzun qazandığı zəfərlər haqqında məlumat verdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, iştirakçılara uğurlar dilədilər.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, xalqımıza, eyni zamanda keçirilən tədbirə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Çıxışlardan sonra təltif olunmuş 18 şəhidin, 9 döyüşlərdə xəsarət almış və iştirak etmiş şəxsin orden, medal və vəsiqələri təqdim olundu. Daha sonra şəhid ailələrinin, qazi və iştirakçıların arzu və istəkləri dinlənildi.