Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Neftçala rayonunda da Dövlət qulluqçularının peşə bayramı qeyd olunub.“Qanunyolu.info.az” xəbər verir ki, tədbirdən öncə Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli və Şəhidlər xiyabanı ziyarət olunub, tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, digər idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak edib.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb.
Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.
Tədbirdə çıxış edən Neftçala RİH məsul şəxsləri Rayonda görülən işlərdən danışıb, bu diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxslər “Fəxri Fərman”larla təltif olunublar.