Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.
"Qafqazinfo" xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı general-mayor
Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.
Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçiblər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant
Hikmət Mirzəyev başçılıq edib.
Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan
Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.
Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımlayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor
Rövşən Muxtarov başçılıq edib.
Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik
Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik
Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant
Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik
İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant
Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.
Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəlilədilər. Parad heyətinə polkovnik
İsmixan Məmmədov başçılıq edib.
Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı
Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçdilər.
Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor
Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor
İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor
Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.
Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor
Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub.
Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor
Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçiblər.
Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edib.