“Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq KİV-ə verdiyi müsahibələrin hamısında Ermənistanın işğalçılıq siyasətini ifşa edir, Azərbaycanın haqlı olduğunu bir daha sübut edir”.Bu fikirləri "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. O qeyd edib ki, həmin müsahibələr Ermənistanla informasiya müharibəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir:
“Prezident İlham Əliyev müsahibələrində müharibənin sentyabrın 27-də məhz ermənilər tərəfindən başladılmasını qeyd edib. Bildirib ki, müharibə başlanmamışdan 10 gün qabaq bütün prezidentlərə ermənilərin müharibəyə hazırlaşmaları ilə bağlı müraciət edib. Lakin heç kim buna fikir verməyib. Yalnız müharibə başlayandan, Azərbaycan öz torpaqlarını azad etməyə başlayandan sonra başlayıblar ki, müharibəni kəsmək lazımdır, atəşkəs etmək lazımdır. Yəni Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün, informasiya kanalları vasitəsilə cənab Prezidentin verdiyi bəyanatlar çox müsbətdir”.
V. Əhmədov vurğulayıb ki, bütün dünyaya Azərbaycanın haqlı olduğu, Azərbaycanın öz torpağında antiterror əməliyatı həyata keçirdiyi və öz torpaqlarını işğalçılardan azad etmək istədiyi məlumdur: “Bu informasiya müharibəsində ermənilər hər cür yalandan istifadə edirlər, etniklərlə bağlı məsələlərə toxunurlar, yalandan məlumat yayırlar ki, filan qədər insan qırıldı...Amma Prezidentin beynəlxalq kanallara verdiyi müsahibələr məhz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir”.
Millət vəkili, həmçinin Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gedən debatlara da münasibət bildirib: “Paşinyan nə danışacaq? Onun hazırda Ermənistana rəhbərliyi yüksək səviyyədə deyil. Ümumiyyətlə, rəhbərlik edir-etmir, deyə bilmərəm. Çünki vəziyyət çox ağırdır. Həm iqtisadi, həm siyasi, həm hakimiyyətin saxlanması baxımından Paşinyanın çox ciddi problemi var. Azərbaycan isə bu antiterror əməliyyatında, əks-hücumda qalib dövlətdir. Dövlət başçısının şərtləri var və orada açıq-aşkar göstərir ki, ermənilər torpaqlarımızdan çəkilsinlər, ondan sonra danışıqlara başlamaq olar. Əks halda heç bir danışıqdan söhbət gedə bilməz”.