Ədliyyə naziri xarici ölkələdəki həmkarlarına məktub ünvanladı

  • 06.10.2020, 21:45,
  • Siyasət
  • Baxılıb: 6
Ədliyyə naziri xarici ölkələdəki həmkarlarına məktub ünvanladı

Ədliyyə naziri Fikrət Məmmədov Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı xarici ölkələrin Ədliyyə nazirlərinə rəsmi müraciət ünvanlayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, müraciətdə 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin milyondan çox insanın taleyinə ciddi təsir göstərmiş faciəvi nəticələri qeyd olunub.

Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistanın 90-cı illərin əvvəllərində hərbi təcavüzə başladığı və Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirərək Dağlıq Qarabağı və ətraf yeddi rayonunu işğal etdiyi, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib.

Qeyd edilib ki, 1994-cü ildə atəşkəs rejiminə nail olduqdan sonra münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupu tərəfindən danışıqların aparılmasına baxmayaraq, Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzatmış və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlamaqla bu günədək orada qanunsuz iqtisadi fəaliyyət göstərməyi və bu ərazilərin qanunsuz məskunlaşdırmasını həyata keçirir. Bununla da o, kobud şəkildə beynəlxalq hüquq normalarını, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarını pozur.

Təəssüflə qeyd olunub ki, beynəlxalq ictimaiyyətin heç bir reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu açaraq sərhəd bölgələrində hərbi təxribatları intensivləşdirilib.

Müraciətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.

Hadisələrin pik həddi isə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizi və ən dəhşətlisi, yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutmağa başlaması olub.

Hücum nəticəsində bu günlər ərzində təkcə hərbçilərimiz deyil, eyni zamanda yeddi qadın və üç uşaq olmaqla 27 dinc sakin həlak olub, 140-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, doğum evi, uşaq bağçası, məktəb, rayon məhkəməsinin binası və s. daxil olmaqla 450-ə yaxın yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.

Hərbi təcavüz nəticəsində cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciət etdiyi vurğulanaraq ölkəmizin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatlarını aparmağa vadar olduğu qeyd edilib.

Ermənistan beynəlxalq normalara zidd olaraq, xarici ölkələrdən hərbi muzdluları cəlb edir və onlardan istifadə edir, bundan əlavə beynəlxalq arenada, sosial şəbəkələrdən geniş istifadə olunmaqla Azərbaycana qarşı terror və digər cinayət əməllərinə çağırışlar edilir.

Mülki infrastrukturun atəşə tutulması və dağıdılması nəticəsində dinc sakinlərin həlak olması ilə bağlı beynəlxalq humanitar hüququn pozulmasına dair Azərbaycanın Baş Prokurorluğu tərəfindən onlarla cinayət işinin açılması barədə məlumat verilib.

Ədliyyə naziri davam edən təcavüz nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq, mövcud beynəlxalq hüquq mexanizmlərinin reallaşdırılması və ədalət, sülh və əmin-amanlığın bərpa olunması naminə həmkarlarını real əməllər görməyə, xüsusilə muzdlu hərbçilərin münaqişə zonasına göndərilməsi üçün qanunsuz cəlb olunmasının və onların ölkələrinin ərazisində digər qanunsuz hərəkətlərin qarşısının alınması məqsədilə müvafiq preventiv tədbirlər həyata keçirməyə çağırıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter