“Amnesty International” yenə qərəzli missiyasından əl çəkməyib”
- 06.10.2020, 15:45,
- Siyasət
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
“Amnesty International” Azərbaycan Ordusunu mülki əhaliyə atəş açmaqda təqsirləndirirsə, bu, o deməkdir ki, yenə qərəzli missiyasından əl çəkməyib. Ya faktlar ciddi araşdırılmayıb, ya da Ermənistanın verdiyi birtərəfli məlumatlar əsasında öz bəyanatlarını formalaşdırıblar”.Bu fikirləri "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən politoloq Qabil Hüseynli “Amnesty International”ın son bəyanatını şərh edərkən bildirib. O bildirib ki, Azərbaycan hələ indiyə qədər mülki əhali olan bölgədə müharibə aparmayıb. Döyüşlər gedən ərazilərin hamısı bizim işğal edilmiş bölgələrimizdir. Vaxtilə həmin bölgələrdə yaşayan bir milyona yaxın azərbaycanlını ermənilər qovub çıxarıblar.
Politoloq bildirib ki, hazırda həmin ərazilərdə demək olar ki, əhali yaşamır. Azərbaycan Ordusunun mülki əhaliyə hücum etmək üçün imkanı yoxdur, qarşıda yalnız Ermənistan ordusu var. Lakin ermənilərin raket, artilleriya zərbələrinə məruz qoyduğu ərazilərimizin hamısı yaşayış məntəqələridir: “Bu dövrdə ermənilərin ölkəmizə atdığı atəş nəticəsində 27 mülki şəxs həlak olub, 141 mülki şəxs isə yaralanıb. Qoy ermənilər də özlərindəki mülki əhalinin ölməsilə bağlı statisikanı təqdim etsinlər. Onlarda belə rəqəmlərə rast gəlinməyəcək”.
Q. Hüseynli həmçinin qeyd edib ki, atəşkəs rejimi ilə bağlı E. Makronun və bəzi Avropa liderlərinin haray-qışqırıqları da onu göstərir ki, bəzən qərb aləmi özünü obyektiv adlandırsa da, bir çox hallarda obyektivlikdən çox uzaq, xristian təəssübkeşliyinə əsaslanan fikirlər irəli sürür, məsələləri ikili standartlarla qiymətləndirir: “Xüsusilə qeyd etmək lazımdır ki, “Amnesty International”ın Azərbaycanda nümayəndəsi olmayıb. Ermənistanda ola bilsin ki, olub və ya ona şifahi şəkildə məlumat göndərilib, amma mənim zənnimcə, bunların hamısı “barmaqdan sorulmuş” məlumatlardır. Bunlar ölkələr arasında nifaqı daha da dərinləşdirir, bir mərkəzdən idarə olunur və Azərbaycanın təklənməsinə, informasiya müharibəsində məğlub edilməsinə yönəlmiş qərəzli addımlardır”.
