Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da Şəkidə səfərdə olub."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Prezident İlham Əliyevin Şəkiyə çoxsaylı səfərləri rayonun inkişafında əsaslı rol oynayıb. Nəticədə 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 4,8 dəfə, sənaye 9,1 dəfə, kənd təsərrüfatı 2,3 dəfə, əsas kapitala yönəldilmiş vəsait 74,7 dəfə artıb. 2003-cü ildən indiyədək rayonda 24 758 yeni iş yeri açılıb, cari ildə qeyri-məşğul əhali üçün ödənişli əsaslarla 640, pandemiya ilə əlaqədar əlavə 477 ictimai iş yeri yaradılıb.
***
İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verilib.
***
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi ki, uzunluğu 33 kilometr olan dördüncü texniki dərəcəli bu yol 2 hərəkət zolaqlıdır. Azərbaycan Prezidentinin ötən il imzaladığı müvafiq Sərəncamla yenidən qurulan Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolu 11 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun 17-ci kilometrliyində Əyriçay çayı üzərində uzunluğu 59 metr, qabariti 7,4 metr olan dəmirbeton körpü təmir edilib.
Prezident İlham Əliyevə Şəki rayonunun ərazisində yerləşən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134 kilometrliyindən ayrılan Şirinbulaq avtomobil yolunun tikinti layihəsi barədə də məlumat verildi. Qeyd olundu ki, 4 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 28,1 kilometrdir.


