Özünü, bir sıra yüksək vəzifələrin sahibi kimi deyil, Azərbaycan xalqının Mehribanı kimi təqdim etməyi daha üstün tutan, I Vitse-prezident Mehriban xanım Əliyeva 20 iyul tarixində xalqımıza müraciət ünvanlayıb. Həmin müraciətin məzmununa nəzər yetirdikdə, bir çox əhəmiyyətli məqamların əks olunduğunun şahidi oluruq. Müraciətin məzmunu ilə bağlı fikirlərdə toxunmazdan əvvəl, ümumiyyətlə I Vitse-prezidentin hansı həssas məqamlarda xalqa və insanlarımıza müraciət etdiyinə nəzər yetirək.Zaman- zaman, çox azsaylı da olsa, müxtəlif anti-azərbaycan qüvvələrin maraqlarına xidmət edən bəzi şəxslər tərəfindən Azərbaycan hakimiyyətinə və şəxsən özünə qarşı şər, böhtan və iftira xarakterli iyrənc təbliğatın aparılmasına rəğmən, həmin qüvvələrlə bağlı heç zaman, heç bir müraciət ünvanlanmayıb. Ancaq ölkəmiz, xalqımız və dövlətimiz üçün çox ciddi təhlükələrin və narahatedici hadisələrin baş verdiyi zamanlarda, ən-ənəsinə sadiq qalan Mehriban Əliyeva, ölkə vətəndaşlarına müraciət etməklə, onlara müxtəlif formalarda dəstək göstərməklə və xalqla intensiv təmasa girməklə, hər bir insanımızın yanında olduğunu nümayiş etdirməyə çalışır. Biz dəfələrlə, o cümlədən 2016-cı ilin aprel döyüşləri, pandemiyanın ölkəmizdə yayılmağa başladığı və başqa zamanlarda anoloji halların şahidi olmuşuq. Bundan başqa da, Mehriban xanım Əliyevanın aktiv fəaliyyətə başladığı 2000-ci illərin əvvəllərindən başlayaraq daim ölkə vətəndaşlarının ən çətin məqamlarında onlara dəstək verdiyinin və hər bir insanımıza münasibətdə bütün imkanlarından istifadə edərək maksimum mərhəmət göstərməsini görməkdəyik .
Hazırki müraciət, özünün əhəmiyyətlilik dərəcəsi, edilmə zamanı, məzmun notları və ünvan əhatəsi baxımından əvvəlkilərdən fərqlənməkdədir. Müraciətin əvvəlində, baş verən təxribatla bağlı, şəhidlik zirvəsinə yüksələn övladlarımızın qəhrəmanlıqlarına ən yüksək dəyərin verilməsilə yanaşı, həm də, hadisələrlə əlaqədar xalqımızda yaranan hisslərdən qürur və fəxarət hisslərinin önə çəkildiyinin şahidi oluruq.
Ən əhəmiyyətli məqamlardan biri isə, hazırda gərgin mübarizə cəbhəsinin təkcə işğal olunmuş və işğalçılarla sərhədlərimizin mövcud olduğu ərazilərdə deyil, informasiya platforması olan sosial şəbəkələrin də daxil olduğu, virtual məkanda daha təhlükəli xarakter daşıdığının vurğulanmasıdır. Bununla da, I Vitse-prezident ön cəbhədə Ali Baş Komandanımızın rəhbərliyi altında müzəffər ordumuzun məğrurluğuna etibarən və güvənin tam olduğunu dilə gətirməklə yanaşı, bütün diqqətləri informasiya erasında yaşadığımız arxa cabhəyə və onun episentri olan sosial şəbəkələr platformasına yönəltməyə çalışır. Bu həssas dönəmdə, ölkə daxilində və xaricində olan insanlarımızın böyük əksəriyyətinin həm real olaraq, həm də sosial şəbəkələr vasitəsilə bütün növ informasiya təxribatlarına lazımi qarşılıq verərək dövlətimizə, ordumuza və xalqımıza dəstək olmalarının əvəzolunmaz dəyər olduğunun qeyd edilməsilə yanaşı, bu cür təxribatlara uyanlarla bağlı təəssüfedici məqamlar da diqqəti cəlb edir.
Dövlətimizə qarşı atılan bu cür addımların yeganə məqsədi müraciətdə də deyildiyi kimi, ölkə içində çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, insanlarımızda düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Müraciət müəllifi, dövlətimizin qatı düşmənləri və onlara xidmət edənlər tərəfindən bu informasiya təxribatlarının həyata keçirilməsi barədə fikirlərilə yanaşı, həm də bu təhlükəli prosesin reallaşdırılması üsullarına da peşəkarlara məxsus tərzdə münasibətini də sərgiləyir.
Belə ki, müraciətdə deyilir: “Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər”. Üç cümlədən ibarət bu sətirlərdə dövlətimiz, dövlətçiliyimiz və apardığımız haqq mübarizəsi üçün çox əhəmiyyətli və dəyərli fikirlər əks olunmaqdadır.
Təəssüf hisslərini xarakterizə edən aşağıdakı fikirlərə də diqqət yetirsək, qeyd olunanların real həqiqətdə bu və ya digər şəkildə hər birimizin içindən keçdiyinin şahidi oluruq: “Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?
Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir”.
Sonda, hər birimizin əsas borcunun, nəinki döyüş meydanında, həm də kompüter qarşısında Azərbaycanımızın mövqeyinin müdafiə edilməsindən ibarət olduğunu deyən I Vitse-prezident Mehriban Əliyeva, fikirlərini bu sözlərlə bitirir: “Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.
Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!”
Siyasi şərhçi Xəyal Bəşirov