Prezident İlham Əliyev bu gün BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.“Qanunyolutv.az” xəbər verir ki, Amina Mohammed BMT Baş katibinin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş edib. Dövlət başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini deyib.
Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirib. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğulayıb.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirib. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğulayıb.
BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə edib.
Dövlət başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə edib. Dövlətimiz başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirib ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirib. Dövlətbaşçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını deyib.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulanıb.
Prezident İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirib.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlət başçısı vurğulayıb ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik edib. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.
Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirib.
Görüşdə bərpaolunan enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxunub. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparılıb.
Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunulub.