Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin icra başçısı Vilyam Hacıyevin həbsinin görüntülərini yayaraq məlulat verib."Qanunyolu.info.az" xəbərinə görə, məlumatda deyilir:
Mayın 5-də məhkəmənin qərarı əsasında DTX tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Sahibkar Səyalı Səfərova istintaq zamanı bildirib ki, keçmiş icra başçısı tərəfindən rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilən vəsaitin 30 faizinin geri qaytarılması tələb edilib:
“Sonuncu dəfə martın 25-də Vilyam Hacıyevin Elçin adlı sürücüsü mənə zəng etdi və Şüvəlanda yaşadığım evin qarşısında ona 172 min manat verdim”.
Görüntülərdən aydın olur ki, Vilyam Hacıyev tabeliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də, rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edib.
DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyev mayın 6-da V.Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı V.Hacıyevin,rayon icra hakimiyyətinin baş mühasibi
Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
Hazırda araşdırmalar davam etdirilir.
Həmçinin Vilyam Hacıyevə məxsus evin qarajında "Bentley" və "Range Rover" markalı bahalı avtomobillər aşkarlanıb.




