Fevralın 14-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib.
Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralob Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırıb.
Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulayıb.
Z.Qaralov bildirib ki, daxili işlər və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilib, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənib. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26 672 cinayət qeydə alınıb. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. 2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8%-nin açılması təmin olunub.
Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluqlar, quldurluqlar, dələduzluqlar, hədə-qorxu ilə tələb etmələr, avtonəqliyyat vasitəsinin qaçırılması faktları, habelə xuliqanlıqlar, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanların cinayətləri, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması yaxşılaşsa da, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma faizi azalmışdır. Eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilib.
2019-cu ildə 2018-ci illə müqayisədə qeydə alınmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 54 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artmış, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalmışdır. Ötən ildə qeydə alınmış ölümlə nəticələnən açılmamış yol-nəqliyyat hadisələrinin sayı 6 olmaqla sabit qalmışdır.
Zakir Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncə şəhərində 2 polis zabitinin qəsdən öldürülməsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi və s. cinayət işlərinin yüksək peşəkarlıqla istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub. Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. İstintaq edilən və məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəymiş 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96%-nin ödətdirilməsi təmin olunub.