Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır.
Heydər Əliyev


Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.

Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur və həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir. Bu bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir.

Son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2003-cü ildəki 15 faizdən 75 faizə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir.

Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltmiş, ümumi orta təhsilə keçidin başa çatdırılması, kənd məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırılması barədə ardıcıl qərarlar qəbul etmişdi. Həmin qərarların həyata keçirilməsi nəticəsində qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənmiş, əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdi.

Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Prezident İlham Əliyev də hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Məhz onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər "Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafına xüsusi diqqət yetirilmişdir. İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2016-cı ildə Prezidentin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır.

Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi. 1993-1994-cü tədris ilindən ödənişli təhsil tətbiq edildi. Həmin dövrdə ödənişli təhsilin tətbiqi, demək olar ki, çətin iqtisadi şəraitdə ali təhsil müəssisələrinin maliyyə imkanlarını xeyli yaxşılaşdırdı. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başladılar.

Heydər Əliyevin respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Həmin illərin ən əhəmiyyətli hadisələrindən biri kimi keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsidir. Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə 1972-ci ildən etibarən hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bununla yanaşı, həmin illərdə Azərbaycanda orta və ali hərbi təhsil sisteminin yaradılması xüsusi əhəmiyyət daşıyırdı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb yaradıldı və hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. Bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən və ölkəmizin hərbi məktəblərini bitirən gənclərdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların davamlılığı təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi. Əlamətdar haldır ki, təhsilin inkişaf strategiyası həmin ildə dövlət başçısının yeni prezidentlik müddətində imzaladığı ilk sənəd olmuşdur. Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev "azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir. 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, 2018-ci ildə "Azərbaycan Dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır.

Cənab Prezident vurğulamışdır: "...həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır!
Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında rolu

Arzu Daşpoladova
Salyan şəhər Ə.Kürçaylı adına Texniki Fənlər Təmayüllü 7 saylı məktəb-liseyin direktoru
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter