Rusiyadakı qızına görə Bakıda oğlunu polisə verdi

  • 25.02.2022, 15:00,
  • Kriminal
  • Baxılıb: 59
Rusiyadakı qızına görə Bakıda oğlunu polisə verdi

Bakıda 44 yaşlı kişi ögey bacısına məxsus 252 min manatı oğurlayıb.

“Qanunyolu.info.az”, “Kriminalqafqaz”a istinadən xəbər verir ki, 1977-ci il təvəlüdlü Mahir Əlizadə Rusiyadan gəlmiş ögey bacısı Lyudmila Əlizadəyə məxsus evin satışından əldə olunmuş 125 min avronu götürərək qaçıb. Belə ki, o, hava limanına yola düşməkdə olan bacısına məxsus çantaları maşına daşımaqda kömək etmək adı ilə kiçik əl çantasından bacısına məxsus 125 min avronu oğurlayıb. Atasının şikayətindən sonra M.Əlizadə tutularaq istintaqa cəlb olunub.

Məhkəmədə dindirilən zaman o, özünü təqsirli bilməyib və həmin evdə onun da payı olduğu üçün pulu götürdüyünü deyib: “Mən də 2018-ci ilə qədər Moskvada yaşamışam. Boşandıqdan sonra Bakıya qayıtmışam. Atam ailəmizə məxsus Moskvadakı 60 sot torpağı satıb, pulundan mənə və qardaşıma heç nə verməyib. Həmin pulla 2013-2014-cü illərdə mənim və qardaşımın da şərik olduğu qazanc hesabına Bakıdan iki mənzil aldı. Atam ara-sıra Bakıya gələndə həmin mənzillərdə qalırdı. Mən Bakıya köçəndən sonra öyrəndim ki, atam mənzillərdən birini satıb, digərini də Moskvada yaşayan ögey bacım Lyudmilanın adına keçirib. Atama hər iki mənzildən bizə çatası payı verməsini xahiş etdim. O buna etiraz etdiyi üçün mənzildən çıxıb kirayədə yaşamağa başladım. 2021-ci ilin iyununda atam, ögey bacım Lyudmila və analığım Karine ilə mənzilin ikincisini satmaq üçün Bakıya gəldi. Burada onları maşınla istədikləri yerlərə aparıb qulluqlarında durdum. Atama evsiz və bir qədər borcum olduğumu demişdim. O da mənə mənzili satdıqdan sonra borclarımı ödəməkdə və mənzil almaqda kömək edəcəyini demişdi. Mənzili 287 min manata satdıq. Amma atam mənə heç bir kömək etmədi. Moskvaya qayıtdıqdan sonra Krımdakı mənzilini satıb mənə pul verəcəyini dedi. Gördüm ki, atamın mənə kömək etmək fikri yoxdur.
Rusiyadakı qızına görə Bakıda oğlunu polisə verdi

Moskvaya qayıdacaqları axşam onları hava limanına mən aparacaqdım. Çantalarını maşına daşıyanda satılan mənzilin pulu olan çantanı da götürdüm. Aşağıda atamgilin düşməsini gözləyərkən, mənə qarşı haqsızlıq edildiyini düşündüm. Ona görə də pulu götürüb oradan uzaqlaşdım, telefonumu da söndürdüm. Səhəri gün Sabunçuda baxıb bəyəndiyim mənzili 95 min manata aldım. Avtomobilimin borcundan qalan 12 min manat, lombarda olan 7200 min manat, tanışlarıma olan 30 min manat borcumu qaytardım. Pulun bir qismini şəxsi ehtiyaclarıma xərclədim. Sonra atamla danışıb pulları hara xərclədiyimi dedim və qalan 75 min manatı qaytarmaq istədiyimi dedim. Ancaq atam pulların hamısını istədi. Mən də əsəbiləşib qalan pula ABŞ-dan 5 ədəd “Toyota Prius” gətirməsi üçün Məmməd adlı şəxsə verdim. Atam məni polisə verdiyini, axtarışda olduğumu dedi. Mən də Gəncəyə getdim. Amma dostum zəng edib polisin məni axtardığını dedi. Bakıya qayıdıb Nərimanov Polis İdarəsinə gəldim”.

Lyudmila Əlizadə məhkəmədə qardaşından şikayətçi olduğunu bildirib: “2018-ci ildə Bakıda üç otaqlı ev aldım. 2021-ci ildə həmin mənzili satmaq qərarına gəldim. Bizi Bakıda ögey qardaşım qarşıladı. Mütəmadi bizimlə təmasda oldu. Mənzili 260 min manata satdıq. Moskvaya qayıtmamış həmin pulu və özümüzdəki Azərbaycan manatlarını 125 min avro və 13 min dollar elədik. Moskvaya gedəcəyimiz gün mən şəhərdəki işimi həll edib birbaşa hava limanına gedəcəkdim. Atamgil də evdən gələcəkdilər. Amma atam mənə zəng etdi ki, Mahir 125 min avronu götürüb aradan çıxıb. Sonrakı günlərdə Mahir polis tərəfindən saxlanılsa da, pul qaytarılmadı. Qardaşımdan şikayətçiyəm, pulu qaytarmasını tələb edirəm”.

Məhkəmədə dindirilən ata Ələddin Əlizadə mənzili öz vəsaiti hesabına aldığını bildirib: “Mənzili əvvəl öz adıma almışdım, sonra Lyudmilanın adına keçirdim. Oğlum mənə evsiz və müxtəlif şəxslərə borcu olduğunu bildirməyib. Mən də Mahirə mənzili satdıqdan sonra ona ev alacağım və ya borclarını ödəyəcəyim barədə söz verməmişəm. Bununla belə Mahir məndən 10 min dollar istəmişdi. Mən də həmin pulu hava limanında ona vermək üçün başqa çantaya qoymuşdum. Mahir pulları götürdükdən sonra zəng edib 40 min avro qaytaracağını desə də, sonra ümumiyyətlə heç nə qaytarmayacağını bildirdi”.

Bakı Ağır Cinayətlər Məhkəməsi Mahir Əlizadənin ittiham olunduğu maddə üzrə əməlinin tam sübuta yetirildiyi qənaətinə gəlib. Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə təqsirli bilinən şəxs 7 il müddətə azadlıqdan məhrum edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter