“İki il öncə də təklif almışdım” - Millimizlə adı hallanan məşqçi

  • 29.04.2020, 21:50,
  • İdman
  • Baxılıb: 26
“İki il öncə də təklif almışdım” - Millimizlə adı hallanan məşqçi












Azərbaycan yığmasının baş məşqçi postuna namizədlər sırasında adı keçən futbol üzrə Moldova millisinin baş məşqçisi Engin Fıratın "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən müsahibəsi

- Ötən ilin sonlarında adınız Azərbaycan millisi ilə hallanırdı. AFFA-dan sizə təklif gəlmişdi?

- Təkcə ötən il yox, bundan iki il öncə də belə bir vəziyyət yaranmışdı. Mənə çox zəng gəlmişdi. Biri AFFA-da çalışdığını, digəri menecer olduğunu bildirdi. Açığı, kimim məsul şəxs olduğunu başa düşmədim. Moldova millisi ilə sözləşməm davam etdiyi üçün, bu barədə ciddi düşünmədim. Gələcəkdə qardaş ölkədə çalışmaq mənim üçün şərəf olar.

- Moldova millisinin 3 futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edir. Azərbaycan çempionatını izləyirsiz?

- Bəli, Stanislav Namaşko, Anton George, Yevgeni Koçuk. İnanıram ki, gələcəkdə bu say daha da çox olar. Azərbaycanda xeyli dostlarım var. Çempionatla yanaşı, klublarınızın avrokubok matçlarını da izləyirəm.

- Bir baş məşqçi üçün Azərbaycan və Moldova kimi futbolu elə də inkişaf etməmiş ölkələrin yığmalarını çalışdırmağın mənfi cəhətləri nədir?

- Bu məsələdə real danışmaq lazımdır. Aydın məsələdir ki, futbolçuların fərdi ustalığı yüksək səviyyədə olmur. Bu, onların çıxış etdiyi klublardan da bəllidir. Məsələn, biz Fransa yığması ilə oynayarkən rəqibin ilk “18-liy”inə girməyən futbolçuları “Real”da, “Barselona”da çıxış edə bilir. İstənilən halda keyfiyyət baxımından geri qalırsan. Və belə olan halda fədakarlıq tələb olunur. Bunun sayəsində və daha çox işləməklə yaxşı nəticələr ortaya çıxa bilər. Digər çətinlik çevrədəki insanlarla bağlıdır. Uğurlu nəticə olmadığı üçün hər şeyə mənfi reaksiya verirlər. Belə olan halda nəticə də əldə etmək çox çətindir. Bunun öhdəsindən gələ bilsən, mütləq nəticə qazanacaqsan.

- Koronavirus pandemiyası ilə əlaqədar dünyada futbol həyatı dayanıb. Sizcə, bu vəziyyət futbolçulara necə təsir edəcək?

- Açığı, çox pis vəziyyətdir. Futbolçular psixoloji olaraq hazır deyil. Onsuz da düzgün məşq də keçmirlər. Bilinmir, bu durumda fikirlərini futbola necə yönəldəcəklər. İlk dəfə olan vəziyyətdir. Nəticəsinin necə olacağını heç kim bilmir. Məncə, heç kim futbolçulardan ciddi nəticə gözləməsin. Bu, böyük haqsızlıq olar. Amma istənilən halda normal həyata dönmək lazımdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter