Sürüşmə yerindən yeni görüntülər - Yenilənib
- 29.01.2021, 11:00,
- Hadisə / Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi, ötən axşam yenə də Bakının Səbail rayonu, 20-ci sahə adlanan ərazisində növbəti dəfə torpaq sürüşməsi olub.Artıq əraziyə Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərin suallarına cavab verərək sürüşmə haqda danışıb:
“Xoşbəxtlikdən sürüşmə nəticəsində heç bir insan tələfatı olmayıb. Yalnız fəaliyyəti vaxtilə bizim tərəfimizdən dayandırılmış işləməyən restoranın mətbəx hissəsində dağıntılar baş verib. Badamdar Bakı şəhərinin ən təhlükəli sürüşmə ərazilərindən biridir. Bakı şəhərinin Baş Planları işlənərkən bu məsələ hamısında nəzərə alınıb. Sovet dövründən başlayaraq yuxardakı ərazilərdə heç bir mühəndis hazırlıq işləri görülmədən çoxlu fərdi yaşayış evləri və sahibkarlıq obyektləri tikilmişdir. Bu tikinti işləri 40-50 il əvvəl başlayıb davam etmişdir. Ərazidə heç bir kanalizasiya işləri aparılmadığından binaların və obyektlərin işlətdikləri sular hamısı "şambo" deyilən yerlərdə toplanmışdır. Onlardan çoxlu sızıntılar baş verib. 3000 yaşayış evi və obeyktlər vardır. Hər biri orta hesabla 500 litr bir sutka ərzində su işlədirsə və kanalizasiya xətti yoxdursa, faktiki olaraq bu sular demək olar ki, yerə sızdırılır. Bunun nəticəsində sürüşmə tendensiyası artır.
Bu ərazidə bir neçə dəfə sürüşmə hadisəsi baş verib. Bizim tərəfimizdən Yaponiyadan sürüşmə sahəsiylə bağlı mütəxəssislər dəvət olunub. Onların məsləhəti ilə burada layihə işləri aparılıb. Terraslama və istinad divarları tikilməsi işlərinin icrasına başlanılıb. 3 ədəd 30 metr dərinliyində və 3,5 metr diametrində drenaj quyuları qazılmışdır. Bunun nəticəsində biz bir çox evləri uçqundan saxlaya bilmişik. Bu uçqunu biz gözləyirdik. Hər zaman ola bilərdi. Çünki ərazidə işlər hələ başa çatmayıb. Axşam saatlarında Xəzər dənizində 4,5 maqnitudasında zəlzələ baş vermişdir. Bu kifayət qədər güclü zəlzələ sayılır. Dağıntı gücünə malik bir zəlzələdir. Həmin zəlzələylə eyni vaxtda bu sürüşmə baş verib. Bu gün ərazidə işlərimiz davam edir. Avadanlıqlar və borular quraşdırılır. Ərazi əvvəldən də nəzarətə götürülüb. Təəssüf ki nə qədər sürətlə işləsək də, bu işlər hələ tam başa çatdırılmayıb. İşlərin həcminin çox olmasından iş başa çatmayıb. Sürüşmənin təsirindən layihə işlərində bəzi dəyişikliklər etməli olacağıq. İşlər bu gün də davam edir. Hazırda sürüşmə yenə də gözlənilə bilər”.
"Qanunyolu.info.az", “Qafqazinfo”-nun hadisə yerindən çəkdiyi yeni görüntüləri istinadən təqdim edirik:
