Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.
HEYDƏR ƏLİYEVÖlkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən müəllimlərimizə diqqət və qayğı ildən–ilə artır. Onların maddi durumunun gücləndirilməsi məqsədi ilə davamlı olaraq qərarlar qəbul edilir, qanunlar imzalanır. Bunlarla yanaşı, sevindirici hal odur ki, şəxsən ölkə rəhbəri tərəfindən vəzifə səlahiyyətlərindən
sui-istifadə edib dövlətin qanunlarını pozan rüşvətxor və korrupsioner məmurlara qarşı kəskin mübarizə başlanılıb və bu mübarizə gün-gündən genişlənir. Son zamanlar yüksək rütbəli məmurların həbs edilməsi bunun əyani sübutudur .
Bütün bunlardan nəticə çıxarmayan Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva dövlətin qanunlarını özünə xas olan və öz şəxsi maraqlarına xidmət edən qaydalarla əvəz edib. Elə bilir ki, Lənkəran Rayon Təhsil Şöbəsi onun şəxsi mülkiyyətidir. Ülviyyə Əliyevanın göstərişi ilə yüksək pedoqoji təcrübəyə malik, cəmiyyət üçün önəmli olan müəllimlərimiz maddi və mənəvi təzyiqlərə məruz qalırlar.
Sözü gedən məsələyə Nizami Hüseynovun bu günlərdə saytlarda dərc olunan “Lənkəran Rayon Təhsil Şöbəsi sabotajla məşğuldur” başlıqlı məqaləsində tam dolğun və əhatəli aydınlıq gətirilmişdir. Burada göstərilən faktlar, yüksək idarəçilik, təşkilatçılıq və zəngin pedaqoji təcrübəyə malik olan məktəb direktorlarının işindən kənarlaşdırılması ilə yanaşı, müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin dərs saatlarının azaldılması, Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva tərəfindən müəllimlərə qarşı törədilən ən böyük haqsızlıqlardır. Şöbə müdiri bu qanunsuz əməllərlə məşğul olarkən unudur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16.1-ci, 154.1, 154. 2-ci və 155.1- ci maddələrini kobud halda pozur.
Məqalə ictimai əhəmiyyət kəsb etdiyinə görə 40-a yaxın sosial şəbəkə tərəfindən işıqlandırılmışdır və geniş oxucu kütləsinin marağına səbəb olmuşdur. İndi isə Ülviyyə Əliyevaya xatırladırıq: Hörmətli Ülviyyə xanım, siz əvvəl müəllim, sonra direktor işləmisiniz. Məktəb direktorlarına və məktəblərdə çalışan müəllimlərə qarşı törətdiyiniz qanunsuzluqları edəndə müəllim əməyinin nə qədər ağır olduğu barədə düşünməliydiniz. Görünür, siz Lənkəran Rayon Təhsil Şöbəsinin müdiri keçəndən sonra keçmişinizi unutmağa başlamısınız. Bu da danılmazdır ki, keçmişini unudan gələcəyinə addımlaya bilməz.
Siz bilməlisiniz ki, müəllim peşəsi ən çətin, məsuliyyətli, şərəfli və ləyaqətli peşədir. Cəmiyyətimizin inkşafı üçün müəllimlərimizin əməyi danılmazdır. Mövqeyimizdən və tutduğumuz vəzifəmizdən asılı olmayaraq, hamımız müəllimlərimizə borcluyuq. Məhz müəllimlərimizin bizə verdiyi təhsil nəticəsində layiqli bir fərd kimi formalaşırıq və cəmiyyətdə öz yerimizi tapırıq.
Düşünürük ki, bu xatırlamadan sonra Ülviyyə xanımın da düşünməyə vaxtı olar. Qeyd edim ki, məqalədə Lənkəran Rayon Təhsil Şöbəsi tərəfindən maddi və mənəvi təzyiqlərə məruz qalan müəllimləri və məktəb direktorlarını şəxsən mən tanıyıram. Onlar həm şagirdləri tərəfindən, həm də cəmiyyət tərəfindən sevilirlər. Bu məqalədə daha çox diqqətimi cəlb edən Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən, 1997-ci il tarixindən Lənkəran rayonu İ. Mahmudov adına Liman şəhər 1 saylı tam orta məktəbində tarix müəllimi işləyən Nizami Hüseynova qarşı edilən haqsızlıqdır. Həftədə 12 saat dərs deyib 257 manat əməkhaqqı alan (diaqnostik qiymətləndirmədə iştrak etmədiyinə görə) 2020-ci ilin sentyabr ayından isə 12 saat dərsi azaldılıb 6 saata endirilməsi və 93 manat əməkhaqqı alması adamı dəhşətə gətirir. 30 ildən yuxarı pedaqoji təcrübəsi olan, cəmiyyət içində zəngin düçüncəyə və böyük təcrübəyə malik, insanlara yanan çıraq olan Nizami Hüseynova qarşı edilən bu haqsızlığın bir adı var, şərəfsizlik və ləyaqətsizlik.
Mövcud vəziyətdə Lənkaran Rayon Təhsil şöbəsində baş verən hallar bizə Lənkaran rayon mərkəzi bazarını xatırladır.
Ömrünü şagirdlərin yolunda şam kimi əridib, onların parlaq gələcəyi üçün çalışan, ömründən ömürlərə pay verən, qəlblərə nur çiləyən, sənətinə, dövlətinə, vətəninə bağlı olan yüksək pedaqoji təcrübəyə malik olan müəllimlərə verilən bu mənəvi əzabı görəsən, Ülviyyə Əliyeva necə izah edə bilər? Ən qorxulusu və dəhşətlisi odur ki, Lənkəran Rayon Təhsil Şöbəsinin bu metodu günü-gündən genişlənir, maddi və mənəvi təzyiqlərə məruz qalan məktəb direktorlarının və müəllimlərin sayı artır. Ümid edirik ki, aidiyyati qurumlar Lənkəran Rayon Təhsil Şöbəsində baş verən qanunsuz əməllərlə bağlı müvafiq tədbir görərlər.
P.S. Sonda bir kəlamı yada salmaq istəyirəm: "Şah qanun deyil, qanun şahdır!" Ülviyyə xanım da unutmasın ki, qanun qarşısında hər bir kəs acizdir və etdikləri qanun pozuntuları bağışlanmazdır!
"Qanunyolu.info.az"
Zahid Səmədov