"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
İLHAM ƏLİYEV.Bəli, otuz ilə yaxın idi ki, həsrətiylə yaşadığımız cənnət Qarabağımız mənfur düşmənimiz erməni qəsbkarlarının işğalı altındaydı. Bu uzun illər ərzində tez-tez yuxularımıza gəlir, bizi haraylayırdı, doğma övladlarını səsləyirdi. Bütün beynəlxalq tələblərə, qanunlara əməl edən Ali Baş Komandanımız "artıq səbrimiz tükəndi, torpaqlarımız uğrunda irəli" əmrini verdi!
Elə bu əmrə bənd imiş kimi igid ər oğullarımız "öldü var, döndü yox" - deyə yağıların üstünə atıldı. Doğma Qarabağımızın havasını ciyərinə çəkə-çəkə kəndlərimizi, şəhərlərimizi 44 gün ərzində əzəmətlə savaşaraq, erməni dığalarına divan tutdu və beləliklə də Qarabağımız düşmən tapdagından azad edildi.
Belə igidlərimizdən biri də əsgər Murad Əfqan oğlu Məmmədovdur. Murad 2001-ci ildə Göyçay Rayonunun Bığır kəndində dünyaya göz açmış, 2007 -ci ildə elə həmin kənddə orta məktəbə gedib. Doğma kənddə məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yola düşüb.
Xocavənd, Fizuli və Ağdam uğrunda gedən qanlı döyüşlərdə təcrübəli topçu kimi xüsusi rəşadət göstərib. Elə bunun nəticəsidir ki, Xocavənd və Füzuli rayonlarının azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin Fərmanı ilə Xocəvənd və Füzulinin alınmasına görə 2 medalla təltif edilib.
Biz həmişə Murad və onun kimi qəhrəman, igid, mərd, qorxmaz, Vətənini, dövlətini sevən oğullarımızla fəxr etmişik. Həqiqətəndə bu 44 gün ərzində başda Ali Baş Komandan olmaqla igid oğullarımız dayanmadan, durmadan Qarabağımızı erməni işğalçılarından təmizləyib torpaqlarımızı bizlərə, 30 ilə yaxın həsrətində olan Azərbaycan xalqına qaytardılar.
İgid döyüşçümüz Murad Məmmədov hazırda xidmətini davam etdirir. İndi bütün dünya bilir ki, Azərbaycan ərlər,ərənlər yurdudur və Qarabağ Azərbaycandır!
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Müzəffər Azərbaycan Ordusu!
TANRI SƏNİ QORUSUN İGİD ƏSGƏR!