Salyan rayon Ə.Kürçaylı adına Texniki Fənlər Təmayüllü 7 saylı məktəb-liseyin direktoru
Arzu DaşpoladovaMəktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.
Heydər ƏliyevHeydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev bütün müsbət xüsusiyyətləri ilə yanaşı, həm də böyük ürək sahibi idi. Hətta ona qarşı dönük çıxmış, xəyanət etmiş insanları da bağışlamağı bacarırdı. Bu insan üçün vətən, millət, xalq daha önəmli idi, nəinki şəxsi ambisiyalar.
O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri kimi çıxışında da bu barədə belə demişdir: “Mən rica edirəm, kiçik hissiyyatı kənara qoymaq vaxtıdır, xırda dedi-qodunu kənara qoymaq lazımdır, bunların vaxtı deyil. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam”.
Heydər Əliyev həm də ədalətli bir dövlət başçısı idi. Məhz özü ədalətli adam olduğu üçün hadisələrə də bu konteksdən yanaşmağı bacarır, dünya ictimaiyyətini, beynəlxalq qurumları və s. ölkəmizin mübtəla olduğu münaqişənin həllində ədalətli olmağa çağırırdı. O, sərt olmağı bacarırdı, insanları səhvlərinə görə cəzalandırırdı, ancaq heç vaxt ədalətsiz qərar qəbul etmirdi. Onun cəzası vicdan və ədalət kateqoriyalarının həmişə, hər yerdə və hər bir şəraitdə prinsipial qələbəsini təmin etmək kimi nəcib və sosial-mənəvi missiyaya hesablanmışdı.
Bütün bunlar Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə də açıq-aşkar hiss edilirdi. Ulu öndərin öz sözləri ilə desək: “Dövlət inamsızlıq üzərində qurula bilər, ədalətsizlik üzərində yox”.
Məhz bu dövrdən etibarən Azərbaycan Respublikası bütün sosial-iqtisadi istiqamətlərdə sürətlə inkişaf etməyə başladı. Tezliklə ölkədə siyasi-iqtisadi stabilliyi təmin edən ulu öndər ölkəyə rəhbərlik etdiyi əvvəlki dövrlərdə olduğu kimi, müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərirdi.
Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Ulu öndərin öz sözləri ilə desək: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər biri-birinə təkan verməklə, vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır.

Günümüzün reallıqları sübut edir ki, hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının daha da fəallaşmasını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərilməsini tələb edir. Məlumdur ki, ən əhəmiyyətli nəticə nəzəri və praktiki biliklərin birləşməsindən əldə edilir. Başqa sözlə desək, praktiki əhəmiyyəti olmayan nəzəri düşüncələr bazar iqtisadiyyatının hökmran olduğu müasir dövrümüzdə tədricən sıradan çıxır. Bu baxımdan da, elm adamlarının praktiki cəhətdən əhəmiyyətli olan təklif və tövsiyələrlə çıxış etməsi ölkənin davamlı sosial-iqtisadi inkişafının başlıca amillərindən biri kimi qəbul edilməlidir. Yalnız bu halda əldə edilmiş dinamik inkişafı davamlı inkişafa çevirmək mümkündür.

Xeyirxah, vətənpərvər, yaradıcı, millətini hər şeydən uca tutmağı bacaran, həyatının hər anı xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, sadəcə dünyasını dəyişdi - deyirlər. Həm də bu cür adamların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir. Yəni belə insanlar bizi tərk etdiyi anda, başqa bir formada mənəvi cəhətdən hər zaman bizimlədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilməklə əbədiyyətə qovuşdu.
Xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq!Salyan rayon Ə.Kürçaylı adına Texniki Fənlər Təmayüllü 7 saylı məktəb-liseyin direktoru
Arzu Daşpoladova