
Dekabrın 3-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Qanunyolu.info.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova mərasimi giriş sözü ilə açaraq bildirib ki, son 4 ildə universitet memarlıq ixtisası üzrə İngiltərənin beynəlxalq aləmdə tanınan, bu sahə üzrə ən nüfuzlu akkreditasiya təşkilatı olan “RİBA” ilə əməkdaşlıq edilir. Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisəsində memarlıq təhsili yenidən qurulub, yeni metodika tətbiq edilib, aparılan işlərin nəticələrinə əsasən, “RİBA”-nın Akkreditasiya Komissiyası universitetə bu akkreditasiyanın verilməsi barədə müsbət qərar qəbul edib.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, hazırda fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ümumilikdə 2626 nəfər təhsil alır ki, fəlsəfə doktoru proqramları üzrə təhsil alanların 67 faizi, elmlər doktoru proqramları üzrə təhsil alanların isə 51 faizi ali təhsil müəssisələrinin payına düşür. 2018-ci ildə fəlsəfə doktoru proqramlarına 665 nəfər, elmlər doktoru proqramlarına isə 165 nəfər qəbul olub. Eyni ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı isə müvafiq olaraq 605 nəfər və 87 nəfər təşkil edib.
Ceyhun Bayramov bildirib ki, cari ildə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub saxlayır.
Tədbirdə çıxış edən AMEA-nın akademik katibi, müxbir üzvü Əminağa Sadıqov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, konfransın əhəmiyyətindən söz açıb, ölkəmizin ali təhsil müəssisələrinin elmi infrastrukturu və elmi potensialı haqqında fikirlərini bildiriblər.
Daha sonra doktorantlar Aytac Əkbərli, Elnur Məmmədli və Sevinc Qocayeva təqdimatlarla çıxış ediblər.
Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib.
Konfransda iştirak üçün müraciət etmiş 500 doktorant və gənc tədqiqatçının məruzələri 15 bölmə üzrə dinləniləcək. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər rəhbərlik edir.
Konfrans iki gün davam edəcək.