Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Qida Sənayesi Kollecinin direktoru
Sevinc HəmzəyevaAzərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolunda xüsusi rolu olan liderlərdən biri də ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Onun fəaliyyəti qadın liderlik modelinə yeni nəfəs gətirməklə yanaşı, milli-mənəvi dəyərlərə söykənən, humanizmə və mərhəmətə əsaslanan idarəçilik anlayışını formalaşdırmışdır.Mehriban xanım Əliyevanın həyat yolu klassik Azərbaycan ailəsində sağlam təməl üzərində qurulmuş, zəngin mədəni və mənəvi dəyərlərlə yoğrulmuşdur. Həm tibbi, həm də humanitar sahədə aldığı təhsil onun gələcək fəaliyyətinə dərin təsir göstərmiş, insanlara yardım etmək, cəmiyyətin ehtiyaclarına cavab vermək missiyasını formalaşdırmışdır. Təkcə akademik savadı deyil, daxili intuisiyası, mərhəmət hissi və zövqlü yanaşması da onu cəmiyyətin diqqətində saxlayan əsas amillərdəndir.
2004-cü ildə Heydər Əliyev Fonduna rəhbərlik etməyə başladığı gündən Mehriban xanım yüzlərlə sosial, humanitar və mədəni layihənin müəllifi olmuşdur. Onun rəhbərlik etdiyi fond təkcə infrastruktur və maddi yardım proqramları ilə kifayətlənmir. Hər bir layihə arxasında xalqın rifahı, uşaqların təhsili, insanların sağlamlığı və ölkənin gələcəyi ilə bağlı dərin düşüncə dayanır. O, layihələrə sadəcə vəzifə borcu kimi yox, qəlbən yanaşır.
Mehriban xanım qadın lider olaraq öz fəaliyyəti ilə sübut edib ki, güclü olmaq üçün kobudluğa, sərtliyə ehtiyac yoxdur. Zəriflik, etik davranış, dialoqa meyillilik, empatiya və anlayış — bunlar onun idarəçilik tərzinin əsas xüsusiyyətləridir. Məhz bu xüsusiyyətlər sayəsində o, cəmiyyətin bütün təbəqələri ilə ünsiyyət qurmağı, onların inamını və rəğbətini qazanmağı bacarıb. Mehriban xanım xalqla sadə dildə danışmağı, onların hisslərini anlamağı və ən əsası — onları dinləməyi bacaran insandır.
Birinci vitse-prezident kimi fəaliyyəti zamanı sosial ədalətin təmin olunması, şəhid və qazi ailələrinin qayğısı, xüsusi ehtiyaclı insanların dəstəklənməsi və bir çox digər sahələrdə real nəticələr göstərmişdir. O, yüksək vəzifədə olsa da, insanlarla təmasdan, onların problemlərinə yerində toxunmaqdan, səyyar görüşlərdən heç zaman çəkinməyib. Bu, onun insani dəyərlərə verdiyi önəmin sübutudur.
Mehriban Əliyevanın liderlik missiyası təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanınır. Onun tolerantlıq, multikulturalizm və sülh yönümlü təşəbbüsləri Azərbaycanı dünyada mədəniyyətlərarası dialoq platforması kimi tanıdıb. Humanitar diplomatiyada qazandığı uğurlar, beynəlxalq təşkilatlarla əməkdaşlıqda göstərdiyi fəaliyyət, bir qadın liderin dünyada nələri dəyişdirə biləcəyinin bariz nümunəsidir.
Qadınlara qarşı zorakılıqla mübarizə, qadınların sosial həyatda fəallaşması, onların elmdə, təhsildə, siyasətdə və mədəniyyətdə rolunun artması üçün verdiyi dəstək bu gün minlərlə Azərbaycan qadınının həyatına yön verib. Mehriban xanım həm öz davranışı ilə, həm də yaratdığı imkanlarla qadınların cəmiyyətə qatılmasına ruhlandırıcı təsir göstərir.
Ən əsası isə, Mehriban Əliyeva sadə qalmağı bacarır. Onun davranışlarında təvazökarlıq, ünsiyyətində səmimilik, nitqində dürüstlük vardır. O, gücünü vətənə və xalqa olan sevgidən alır. Bu sevgidən doğan fəaliyyət isə yüzlərlə insanın həyatına işıq, ümid və dəyişiklik gətirib.
Hörmətli Mehriban xanım!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Sizin fəaliyyətiniz təkcə yüksək vəzifələrin icrası deyil, eyni zamanda insanlara ümid, qadınlara örnək, gənclərə yol, vətənə sevgi mesajıdır. Qəlbinizdəki saf niyyət və sarsılmaz iradə ilə Azərbaycan üçün etdikləriniz tarixə qızıl hərflərlə yazılır. Sağlamlıq, sevgi və uğurlar sizinlə olsun!Hörmətlə: Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Qida Sənayesi Kollecinin direktoru
Sevinc Həmzəyeva