Tibb elmləri doktoru, professor
FATİMƏ HACİYEVASağlam cəmiyyət – güclü dövlətin təməlidir. Hər bir ölkənin gələcəyi onun vətəndaşlarının sağlamlığı ilə sıx bağlıdır. Bu səbəbdən səhiyyə sahəsi hər zaman dövlət siyasətinin strateji istiqamətlərindən biri olmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahənin inkişafına böyük diqqət və qayğı ilə yanaşan, konkret təşəbbüslər və layihələrlə ölkəmizin səhiyyə sisteminə mühüm töhfələr verən şəxsiyyətlərdəndir.Mehriban xanımın səhiyyə sahəsindəki fəaliyyətinə nəzər saldıqda, bu istiqamətdə atılmış hər bir addımın dərin düşüncə, humanist yanaşma və uzaqgörənlik üzərində qurulduğu aydın görünür. Onun təşəbbüsü və rəhbərliyi ilə son illərdə Azərbaycanın bir çox bölgələrində yeni tibb müəssisələri, diaqnostika mərkəzləri, doğum evləri, müasir klinikalar tikilmiş, mövcud olanlar isə əsaslı şəkildə yenidən qurulmuşdur. Bu müəssisələr yalnız infrastruktur baxımından deyil, həm də texniki təchizat, kadr hazırlığı və xidmət keyfiyyəti baxımından yüksək standartlara cavab verir.
Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən “Talassemiyasız həyat”, “Yenidoğulmuşlara yardım”, “Uşaqlarda ürək qüsurlarının aradan qaldırılması”, “Hər uşaq ailə mühitində böyüməlidir” kimi layihələr minlərlə ailənin üzünü güldürmüş, bir çox körpəyə yaşamaq, böyümək və həyata bağlanmaq şansı vermişdir. Təkcə "Talassemiyasız həyat" proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzi regionda bu sahədə ən yüksək səviyyəli ixtisaslaşmış səhiyyə müəssisəsinə çevrilib.
Mehriban xanımın səhiyyə siyasətinə yanaşmasında yalnız xəstəxana tikintisi və avadanlıq təminatı deyil, eyni zamanda cəmiyyətin maarifləndirilməsi, profilaktika və erkən diaqnostikanın təşviqi də xüsusi yer tutur. Müxtəlif regionlarda keçirilən tibbi humanitar aksiyalar, pulsuz müayinələr və müalicələr sayəsində minlərlə insan vaxtında xəstəliyini aşkarlayaraq müalicə olunmaq imkanı əldə etmişdir.
Səhiyyə sahəsində xüsusilə uşaqlara və qadınlara göstərilən diqqət Mehriban xanımın həssas və incə düşüncəsinin təcəssümüdür. Yeni doğulmuş körpələrin reabilitasiyası, uşaq reanimasiya avadanlıqlarının yenilənməsi, ana ölümlərinin azaldılması üçün görülən işlər onun bu sahəyə nə qədər ciddi və məsuliyyətli yanaşdığını göstərir.
Mehriban xanım həmçinin xarici ölkələrdə də səhiyyə ilə bağlı xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Onun təşəbbüsü ilə Pakistanda göz klinikasının, Misirdə uşaq xəstəxanasının, Gürcüstan və Bosniya-Herseqovinada tibb müəssisələrinin tikilməsi, İtaliyada kimsəsiz uşaqlar üçün klinikaların dəstəklənməsi Azərbaycan humanizminin dünyaya açılan pəncərəsidir. Bu, təkcə humanitar deyil, həm də diplomatik məna daşıyan çoxşaxəli fəaliyyətdir.
Mehriban Əliyeva səhiyyə sistemində insan mərkəzli yanaşma ilə çıxış edir. Onun baxışında xəstə – sadəcə statistik göstərici deyil, əziz və qayğıya ehtiyacı olan bir insandır. Bu yanaşma səhiyyənin humanist mahiyyətini ön plana çəkir və tibb işçilərinə də bir örnək kimi xidmət edir.
Birinci vitse-prezident kimi, o, ölkə səhiyyəsində islahatların dərinləşdirilməsinə, tibbi sığorta sisteminin təkmilləşdirilməsinə, vətəndaşların sağlamlıq hüquqlarının qorunmasına da ciddi dəstək verir. Səhiyyənin davamlı inkişafı üçün yalnız cari ehtiyacları deyil, həm də gələcək nəsilləri düşünən strategiyalarla çıxış edir.
Sonda vurğulamaq lazımdır ki, Mehriban Əliyevanın səhiyyə sahəsində fəaliyyəti, sadəcə bir dövlət vəzifəsinin yerinə yetirilməsi deyil, insana dəyərin ifadəsi, vicdana söykənən xidmət və şəfqətin əmələ çevrilmiş formasıdır.
Hörmətli Mehriban xanım, Sizin doğum gününüz təkcə bir təqvim tarixi deyil – minlərlə sağalmış körpənin ilk addımı, anaların göz yaşının sevincə çevrildiyi anlar, ömür yolu uzadılan xəstələrin həyatına yazılmış yeni səhifədir.
Siz insan sağlamlığını prioritetə çevirərək, cəmiyyətimizə həm mənəvi, həm də fiziki güc bəxş etdiniz. Tibb müəssisələrində sizin təşəbbüsünüzlə həyata keçirilən hər bir layihə bir insan ömrünə çevrildi – bu, ölçüyəgəlməz bir xidmətdir.
Doğum gününüz münasibətilə Sizə sağlamlıq, ruh gücü və xidmətinizə olan ehtiyacın heç vaxt azalmamasını arzulayırıq. Qoy həyatınız boyunca şəfa verdiyiniz insanlar sizin yolunuza işıq saçsın, hər bir “sağ ol” duası Sizin həyatınıza bərəkət gətirsin!Tibb elmləri doktoru, professor
FATİMƏ HACİYEVA