Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmə yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Səlimov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.“Qanunyolu.info.az” xəbər verir ki, bundan sonra Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat səlahiyyətinə xitam verilməsi məsələsi gündəmə gəlib.
Xatırladaq ki, 2016-cı ildə Rusiyada işləyən azərbaycanlıları “otxod” adlandırmaqla ölkədə böyük əks-səda doğuran deputat Astan Şahverdiyevin səlahiyyətlərinə xitam verilmişdi. Oxşar addım keçmiş deputat Rafael Cəbrayılovla bağlı da atılmışdı. Milli Məclisin müraciəti əsasında onun səlahiyyətlərinə xitam verilmişdi.
Sabiq deputat Gülər Əhmədova dələduzluq, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə ittihamı ilə həbs olunduqdan sonra, Hüseyn Abdullayev isə parlamentdə həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa davadan sonra deputat səlahiyyətlərini itirmişdi.
Bəs bir müddətdir barəsində həbs-qətimkan tədbiri seçilən Eldəniz Səlimovun səlahiyyətlərinə niyə xitam verilməyib?Belə ki, Konstitusiyanın 89-cu maddəsinin tələblərinə uyğun olaraq Milli Məclisin deputatı cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda deputat mandatından məhrum edilir və səlahiyyətlərini itirir.
Eldəniz Səlimov barədə hökm çıxarılsa da, hələlik qanuni qüvvəyə minməyib. Deputat hökmün çıxarılmasından sonra 20 gün ərzində apellyasiya şikayəti verməzsə, hökm qanuni qüvvəyə minəcək. Apellyasiya şikayəti verəcəyi təqdirdə, apellyasiya instansiyasında işə baxılıb qərar veriləcək və məhkəmənin qərarı ilə hökm qanuni qüvvəyə minmiş olacaq.
Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb.
İtihama görə, Eldəniz Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib.
Eldəniz Səlimovun Zaur Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurdu.