Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak etmək üçün ikigünlük Bakıya səfər edəcək."Qanunyolu.info.az"-ın Trend-ə istinadən məlumatına görə, nazirin səfəri Birləşmiş Krallıq ilə Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.
Azərbaycana ilk səfərində Nazir Morton, Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.
Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.
Səfər çərçivəsində BK Naziri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər və Energetika nazirləri ilə də görüşlər keçirəcək və cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.
Nazir Morton, Təhsil naziri ilə görüşərək “British Council”-ın ingilis dili proqramlarının gənclərin həyatına verdiyi müsbət təsiri müzakirə edəcək və qabaqcıl Birləşmiş Krallıq təhsil müəssisələrinin Azərbaycandakı məzunları ilə görüşmək üçün “British Council”-in Britaniya Məzunlarının Təltif olunması mərasiminə qatılacaq.
Nazir, Azərbaycan Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.