BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını - Ağdam, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulini işğal etməsi ilə bağlı 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul edib. Bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.1993-cü il noyabrın 12-də qəbul edilən 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir. Lakin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qalıb. Ermənistan beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarıb, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutub.
Təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilməyib. Ən paradoksal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar tamamilə BMT-nin və həmsədr ölkələrin yadından çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmurlar. Başqa sözlə desək, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır. 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirib ki, bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.Onun sözlərinə görə, BMT qətnamələrinin icrası üçün konkret qurumlara real səlahiyyət vermək, hərbi qüvvələri formalaşdırmaq, məlum dövlətlərin iştirakı ilə sonradan sülhəməcburetmə əməliyyatları naminə həmin kontingenti bölgəyə gətirməklə prosesi 93-cü illərdə bəlkə də, sonuclandıra bilərdi. Belə nümunələr də mövcud idi. 1999-cu ildə faktiki olaraq, Balkanlarda yaranan məlum böhran dövlətlərin vahid Yuqoslaviya siyasi orbitindən uzaqlaşması və bir neçə dövlət arasında hərbi toqquşmalardan sonra NATO qüvvələrinin bölgəyə gəlməsi dediyimiz nümunələrdən sayıla bilər:
“Təəssüflər olsun ki, biz onu görmədik, əksinə, məsələnin beynəlmiləlləşdirilməsi ilk dövr bizim nəzərimizdə problemin həlli üçün bir fürsət kimi nəzərdə tutulurdu. Lakin bu münaqişədə maraqlı olan dairələrin elə Minsk qrupunun özü oldu. Məsələ necə həll olunarsa, hansı dövlətin marağı buradan daha çox ziyan çəkər? Bölgədəki nüfuz dairəsini itirər və sair kimi düşüncələrlə yuxarı qatda gedən savaş imkan vermədi ki, biz məsələni lokal çərçivəyə, Qarabağın öz müstəvisinə qaytaraq. Ona görə də Ali Baş Komandan ermənilərin növbəti təxribatına genişmiqyaslı əks-həmlə cavabını verərkən bir nömrəli fikir ondan ibarət idi ki, Azərbaycanla bağlı ötən illər ərzində yerinə yetirilməyən qətnamələr nə qədər ki bizi hüquqi cəhətdən, siyasi baxımdan güclü edib, mənən hədəflər ətrafında birləşdirib, bununla bərabər, onun yerinə yetirilməsi Azərbaycan Ordusunun üzərinə düşmüş oldu”.

Z. Oruc bildirib ki, bu səbəbdən BMT çərçivəsində, Təhlükəsizlik Şurasında və qeyri-daimi üzvlərin də qatıldığı iki qapalı iclasda Azərbaycanı Ermənistanın məlum avantürist təbliğatı üzərindən mühakimə tezisi yoxdur. Guya etnik təmizləmə apardığına dair dövlətimizi suçlandıracaq , erməniçiliyi tam məhv etmək kimi bir məramı qarşımıza qoyduğumuzu deyə biləcək arqument gətirə bilmirlər:
“Həmçinin Paşinyan sonuncu müsahibəsində görünür onun siyasi müşavirlərinin məsləhət bildiyi “xilasolma üçün ayrılma” tezisi dilə gətirib. Əlbəttə, o xaotik vəziyyətdədir və tez-tez fikirlərini dəyişir. Onun kabinetindəki durumun nə qədər acınacaqlı olduğu aydındır. Bu qətnamələrin yerinə yetirilməsində Azərbaycan Ordusunun addımları qətiyyən belə bir mənzərə yaratmır ki, silahsız erməni vətəndaşının yaşaması üçün Qarabağda böyük təhlükə var. Belə şeylər yoxdur, ona görə də, nə Kosova, nə də digər məsələlərlə paralellik apara bilmirlər. Azərbaycan haqlı olaraq deyir ki, baxın, 822, 853, 874 və 884 nömrəli qətnamələr var və orada işğalçını göstərilir. Ermənistan orada “erməni hərbi-birləşmələri” ifadəsinin yazılmasından istifadə edərək uzun on illər özünü məsuliyyətdən kənarda saxlamağa çalışıb. Həqiqətən də əgər elə idisə, döyüş meydanında cəsədi qalan insanların 90-95 faizinin nəşi niyə İrəvana aparılır? Dünən Abovyan şəhərində on nəfəri bir yerdə dəfn edirdilər. Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda sülh missiyasını daşıyır. Ədalətli təhlükəsizlik şəraitinin bərqərar olunmasında iştirak edir. Dövlətlərin BMT tərəfindən tanınmış sərhədlərin gerçəkdə də bərqərar olunmasını həyata keçirir”.
Z. Oruc qeyd edib ki, bu missiyanı təqdir edən dövlətlər də çoxdur. BMT qətnamələri bizim ordumuzun missiyasını hüquqi baxımdan əsaslandırır:“Böyük Britaniyanın davranışları kifayət qədər balanslıdır, Azərbaycanın bütövlük hərəkatını məqbul sayırlar. Almaniyadan da oxşar reaksiya gəlib. Avropa Birliyində bu məsələ müzakirəyə çıxarılmışdı, 3-4 dövlətin çabası nəticə vermədi. Həmçinin bölgə dövlətlərindən də reaksiyalar onu deməyə əsas verir ki, ordumuz Qarabağda bütövlüyümüzün təminatı uğrunda düz 27 ildir yerinə yetirilməyən sənədləri gerçəyə çevirir. Əslində bu, elə BMT-nin özünü də nüfuzlandırır, onların itən imicini cəmiyyətdə olan fikir, ideya böhranını, bu qurumun yararsızlığı haqqında qənaətləri də ortadan qaldırmağa kömək edir. BMT tanımalıdır ki, bu doğru addımlardır və Ermənistanın cəhdlərinin də heç bir siyasi-hüquqi nəticəsi olmayacaq”.