FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qanunyolu.info.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hospitalın baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Rüfət Vəlizadə hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olub. Qulu Orucov və Taleh İmanlı isə hospitalda qeydiyyatçı işləyiblər.
Təqsirləndirilən şəxslərdən Qulu Orucov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Digər şəxslər isə həbsdədir. Həbsdə olan təqsirləndirilən şəxslərin vəkilləri onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
Taleh İmanlının vəkili isə müdafiə etdiyi şəxs barəsində cinayət təqibinə xitam verilməsi ilə bağlı vəsatət verib. Taleh İmanlı istintaqda şok vəziyyətində olduğu, ağır iş rejimindən sonra yorulduğu və ifadə verən zaman düzgün fikirlər bildirmədiyini deyib. O, istintaqdakı ifadəsindən imtina edib.
Hakimlər vəsatətləri təmin etməyib.
Məhkəmənin ilkin baxış iclası oktyabrın 7-nə təyin edilib.
İttihama görə, İmran Ağayev digərləri ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat alıb.
Həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manatı almasına əsaslı şübhələr müəyyən edilib.