Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədərək hadisə yerində vəfat edib.Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, həmin şəxsin meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.
Nazirliyin yaydığı məlumata görə, mərhumun yaxınları meyitxanaya hücum edərək işçilərə xəsarətlər yetiriblər:
“Bu gün səhər saatlarında mərhumun yaxın adamları- Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər.
Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıb və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb”.
Nazirlikdən, həmçinin bildirilib ki, baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.
***
Bununla bağlı Şirvan şəhər prokurorluğu da məlumat yayıb:“Bəzi kütləvi informasiya vasitələrində, sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb.
Bildiririk ki, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib.
Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir”.