Ağdamda 4 il əvvəl itkin düşən 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın atası tərəfindən qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.“Qanunyolutv.az” xəbər verir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib.
Məlumatla əlaqədar ailənin yaşadığı İmamqulubəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədəki həyətdə qazıntı aparılıb. Lakin meyit və ya insan qalıqları aşkar edilməyib. Hazırda araşdırma və axtarışlar davam etdirilir.
****
Baş Prokurorluq Ağdam rayon sakininin itkin düşməsi faktı ilə bağlı yayılmış xəbərlərə dair açıqlama yayıb.“Bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb.
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına bütün təfərrüatlar hərtərəfli araşdırılır.
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.
Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”, - rəsmi məlumatda vurğulanıb.
Qeyd edək ki, APA Ağdamda 4 ildir itkin düşən 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının atası tərəfindən öldürülməsi və meyitinin bu gün tapılması barədə məlumat yayıb. Lakin sonradan Nübar Nəcəfovanın sağ olması, onun böyük bacısı, 1996-cı il təvəllüdlü Nərgizin itkin düşmüş şəxs kimi axtarılması dəqiqləşib.