30 min rüşvət istəyən prokurorluq əməkdaşına cinayət işi başlandı
- 16.12.2022, 10:30,
- Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətəndaşlardan rüşvət tələb edən Qaradağ Rayon Prokurorluğunun müstəntiqi barəsində cinayət işi başlanıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, müstəntiq Emin Seyidov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 3 nəfərdən külli miqdarda pul tələb etməkdə təqsirli bilinir.
Belə ki, 2021-ci ildə vətəndaş Gülşad Mirzəyeva (şərti) tanışı Elçin Nağdəliyevin ona hədə-qorxu gəlməsi ilə bağlı yaşadığı mənzildə qollarını kəsərək özünü öldürməyə cəhd edib. Daha sonra Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib. Müraciət polis bölməsində araşdırıldıqdan sonra toplanmış materiallar Qaradağ Rayon Prokurorluğuna göndərilib. İlkin araşdırma zamanı məlum olub ki, Gülşad Mirzəyevanın qeyd edilən hadisənin baş verməsində Elçin Nağdəliyevlə yanaşı, Emin Oruczadə və Sərxan Quliyev adlı şəxslərin də iştirakının olmasını bildirib. Həmin işlə əlaqədar Emin Seyidov sonunculara və onların yaxın qohumlarına cinayət işinin başlanmamasına və onların tutulub cinayət məsuliyyətinə cəlb olunmamalarına görə bu ilin yanvarında Qaradağ Rayon Prokurorluğundakı xidməti otağında, habelə telefon vasitəsilə 30 min manat rüşvət istəyib. Barəsində araşdırma aparılan şəxslərlə danışıqdan sonra məbləği əvvəlcə 15 min, daha sonra 10 min manata endirib.
Emin Seyidovun əməllərinin üstü açılandan sonra onun barəsində cinayət işi başlanıb. Müstəntiqə hədə-qorxu ilə külli miqdarda rüşvət alma ittihamı verilib. E.Seyidov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda onunla bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Qeyd edək ki, Emin Seyidov 2017-ci ildə prokurorluq orqanlarında işə qəbul olunub. 2020-ci ildən Qaradağ Rayon Prokurorluğunda müstəntiq işləyib.
