Şeyxin qudasının Rəsul Quliyevin övladları ilə bağlı tələbi rədd edildi

  • 12.05.2022, 17:00,
  • Kriminal
  • Baxılıb: 30
Şeyxin qudasının Rəsul Quliyevin övladları ilə bağlı tələbi rədd edildi

Bu gün Sabunçu Rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin iddiası üzrə məhkəmə prosesi keçirilib.

“Qanunyolutv.az”-ın məlumatına görə, hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Q.Salahzadənin bağ torpağı sahəsinin üzərinə həbs qoyulması barədə müvəqqəti təminat tədbiri haqqında vəsatətinə məhkəmə prosesindən kənar ayrıca prosessual qaydada baxılıb.

İddiaçılar Salahzadə Qalib Aslan oğlu, Salahzadə Xatirə Allahşükür qızı, Salahzadə Zenfira Hacıbala qızı cavabdeh İbrahimov Ağasif Şakir oğluna (Gələcək Azərbaycan Partiyasının sədri) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər.

Müraciətdə bildirilir ki, Daxili İşlər Nazirliyinin istirahət evinin cənub-şərq hissəsində yerləşən Bilgəh qəsəbəsi, Zaqulba şossesi 1, 2 və 3 ünvanlarında olan tikililər Ağasif Şakiroğlu tərəfindən zəbt edilib. Məhkəmədən xahiş olunub ki, qeyd olunan ünvandakı torpaq və evlər boşaldılaraq sahiblərinə verilməsi təmin edilsin.

Həmçinin sabiq deputat məhkəmədən xahiş edib ki, yekun məhkəmə qərarınadək Quliyeva Xanım Rəsul qızı, Quliyev Pərvin Rəsul oğlu, Quliyeva Elmira Rəsul qızı, Quliyev Ziya Rəsul qızı və Quliyeva Zenfira Rəsul qızına məxsusluğu iddia olunan bağ torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul olunsun.

Hakim sabiq deputatın vəsatətini rədd edib. Qalib Salahzadə qərardan yuxarı instansiyaya şikayət verəcəyini bildirib. O əlavə edib ki, Rəsul Quliyevin övladlarının adlarına olan bağ evlərinin alqı-satqısına dair sənədlər məhkəməyə təqdim olunmalıdır.

Qeyd edək ki, Hacı Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır. Onunla birgə iddia qaldıran Xatirə Salahzadə Şeyxin qızıdır.

Qarşı tərəf isə hazırda ABŞ-da yaşayan Azərbaycan Milli Məclisinin sabiq sədri Rəsul Quliyevin övladlarıdır. Rəsul Quliyev xaricdə yaşadığından adıçəkilən partiyaya A. İbrahimov rəhbərlik edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter