Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Şeyxülislam Hacı Allahşükür Paşazadənin mövlud günüdür. Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur.
1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur.
1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.
Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü il tarixində Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr - Şeyxülislamlıq vəzifəsinə seçilmişdir. Dünyanın ən nüfuzlu 500 müsəlman şəxsiyyətindən sayılır. 1991-ci ildə Bakı İslam Universitetinin təsis etmişdir. Aşura mərasimləri zamanı qan vermə aksiyasını başlatmışdır.

Ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. "Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurası"nın həmsədri, "Katolik-Pravoslav məzhəblərarası əlaqələr komissiyası"nın üzvü (2006), UNESCO yanında Din Xadimlərinin Yüksək Səviyyəli Məşvərət qrupunun üzvü (2009), BMT Dinlərarası Məşvərət Şurasının üzvü, Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü, İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001), Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008), Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədridir (2009)
Cənab Prezident İlham Əliyev 26 avqust 2019-cu ildə Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi.
Şeyx həzrətləri Azərbaycanın mənəvi, mənəvi-dini həyatında, bizim mənəvi aləmimizdə məxsusi nümunələr yaradıb. O, nümunələrdən biri də Azərbaycandakı bugünkü islam modelidir. İslam dininin normaları var ki, onlara toxunmaq, onları pozmaq olmaz və o normalar da olduğu kimi tətbiq olunmalıdır”.
Hacı Allahşükür Paşazadədən danışanda onun Şeyxülislamlıq fəaliyyətinin mövcud nəticələrinə dəyər verməliyik: “Azərbaycan müstəqillik əldə edərkən kifayət qədər kənar qüvvələr, maraqlı dairələr, qonşu və uzaq dövlətlər üçün, Azərbaycanda geosiyasi, geoiqtisadi, hərbi strateji maraqları olan dairələr üçün kifayət qədər maraqlı obyekt idi və hamı burada özünün koloniyasını yaratmaq istəyirdi. Belə bir şəraitdə Şeyxülislam Ümummilli liderin yürütdüyü müstəqil dövlətçilik siyasətinin yükünün arxasına öz çiynini də verərək Azərbaycanı milli-mənəvi birlik modelini ortaya qoydu, onun əsas mexanizmlərini və dövlətin maraqlarına uyğun metod və vasitələrini işləyib ortaya qoydu, onu kənar təsirlərdən qorudu və bugünkü mövcud Azərbaycan dini modeli yaradıldı. Şeyxülislamlıq fəaliyyətinin müstəqillik dövründəki əsas yekunu budur. Bu gün Azərbaycanın dini adət-ənənələri, inanclı insanlarının sitayiş normaları, məscidlərdə davranış normaları, islami tələblərin yerinə yetirilməsi bizim milli modelimizə uyğundur ki, onun da təməlində məhz Şeyxülislam durur”.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, müxtəlif konfrans və tədbirlərdə iştirak məqsədilə dünyanın əksər ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, İtaliya, İsveçrə, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Əlcəzair, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, Sudan, Seneqal, Çad və başqa ölkələrdə səfərlərdə olmuşdur.
Şeyxin həyat və fəaliyyəti ilə bağlı “On ikinci Şeyxülislam”, “Mərhəmətli və şəfqətli qəlb”,“Şeyxülislam: ictimai xadim, alim”, “Bizim bir şeyximiz var”, “Müqəddəs ömrün anları”, “Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti”, “Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi”, “İki əsrin Şeyxülislamı”, “Allahın lütfü: 25 il Şeyxülislam”, “Şeyxülislam-alın yazısı”, “Nurlu yolun müdrik səyyahı”, “Şərəf və şöhrətin zirvəsi”, “Şeyxülislam: ənənə və müasirliyin vəhdəti”, “Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları” (4 dildə) kitabları və yüzlərlə məqalələr nəşr olunmuşdur.
Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “ Şərəf”, “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Şeyxülislam Allahşükür Paşazadənin çoxsahəli fəaliyyəti dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən də yüksək qiymətləndirilmiş, bir çox ali mükafatlara layiq görülmüşdür. O, keçmiş SSRİ-nin “Xalqlar dostluğu” ordeni, Rusiya Federasiyasının “ Dostluq” və “Şöhrət” ordenləri, Misirin I dərəcəli “Əl-elm və əməl” ordeni, Çeçenistan Respublikasının “Milli qəhrəman-Koman Turpal” və “Kadırov” ordenləri, Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir”, I dərəcəli “Müqəddəs Sergi Radonejski”, “Şöhrət və Şərəf” ordenləri Gürcüstan Respublikasının “Şərəf” və “ Qoyunun qızıl dərisi” ordenləri, Vatikan dövlətinin “Müqəddəs Qreqori” ordeni, İordaniya Krallığının I dərəcəli “Kral Hüseyn” ordeni, Rusiya Müftilər Şurasının I dərəcəli “Əl Fəxr” ordeni, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli “Müqəddəs Apostol Varfolomey” ordeni, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli “Ümmət qarşısında xidmətlərinə görə” ordeni, “İNTERSAFETY” Terrorizm, Korrupsiya, Ekoloji Cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) “Aypara və Ulduz” ordeninin ali dərəcəsi, Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı və Serbiya Respublikasının “İmperator Böyük Konstantinin” qızıl sikkəsi ilə təltif olunmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Şeyxülislam Allahşükür Paşazadəni “İstiqlal” ordeni ilə təltif edərkən ona ünvanladığı təbrik məktubunda yazırdı: “Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır”.
Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam Allahşükür Paşazadə bu gün təkcə Qafqazda deyil, bütün müsəlman aləmində, hətta, dünyada gedən ictimai-siyasi proseslərdə, qlobal məsələlərin həllində müsəlman xalqlarının taleyi ilə bağlı tədbirlərdə yaxından iştirak edir və bu müqəddəs yolda var qüvvəsini əsirgəmir. Müqəddəs amallarla yaşayıb 71 yaşına çatmış Şeyxülislam Allahşükür Paşazadə həqiqətən dünya müsəlmanlarının iftixarıdır və bu adı fəxarətlə daşıyır.



Məndə "Qanunyolu.info.az" xəbər portalının kollektivi adından hörmətli Şeyximizi mövlud günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Arzu edirik ki, Ulu Tanrı ömrünüzə ömür, sevincinizə sevinc qatsın. Atdığınız hər addım sizin həyatınıza uğur gətirsin. Bu arzular, Sizi daima qanadına alıb ən uca zirvələrə qaldırsın və yenilməz olasınız Şeyx Həzrətləri.
Bu yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasınız, uğur həmişə sizinlə olsun, həmişə gülərüz, səmimi və şux qalasınız. Hörmətli Şeyx Həzrətləri mövlud gününüzdə Sizə sevdiklərinizlə bərabər sevgi və sevinc dolu bir ömür diləyir, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayırıq. Atdığınız hər addım tutarlı, sözünüz keçərli olsun!MÖVLUD GÜNÜNÜZ MÜBARƏK OLSUN HÖRMƏTLİ ŞEYX HƏZRƏTLƏRİ!
TANRI SİZİ VƏ SEVDİKLƏRİNİZİ QORUSUN. AMİN!Dərin hörmətlə: "Qanunyolu.info.az" xəbər portalının rəhbəri Arif Süleymanlı