30 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti Azərbaycanın qələbəsiylə başa çatıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, münaqişənin davam etdiyi müddətdə dünya ictimaiyyətinin gözü qarşısında baş verən bu hadisələrə seyrçi mövqedən yanaşılıb. Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmasına göz yumulub. Xüsusilə də münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupu bu müddət ərzində göstərdiyi fəaliyyətsizliklə yaddaşlarda qaldı. Münaqişənin nizama salınmasında Azərbaycanın mövqeyi isə əvvəlcədən məlum idi. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalı idi və 44 günlük müharibə də bunun bariz göstəricisi oldu. Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu 20 il bundan əvvəl hazırladığı mənasız söz yığınından ibarət olan bəyanatlar yayıb. Bununla da bir növ Ermənistanın təxribatına “siyasi qiymət” verilib. Bu təşkilat həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət arasında nüfuzunu tamamilə itirmişdi. ATƏT-in Minsk qrupu 30 il müddətində “Azərbaycanın işğal edilmiş əraziləri” terminini dilinə gətirməyib. Bu cür mövqe Ermənistanın yürütdüyü işğal¬çılıq siyasətini açıq formada dəstəkləmək idi.
ATƏT-in Minsk qrupunun yarandığı vaxtdan qəbul etdiyi sənədlərə diqqət yetirsək, indiyədək bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən söhbət açılmayıb. Ona görə də Azərbaycan Ordusu öz sözünü döyüş meydanında dedi. Həm 44 günlük Vətən müharibəsinin gedişində, həm də bu günlərdə ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın səsləndirdiyi bəyanatlar bir daha sübut edir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Fransa vasitəçi kimi tərəfsiz olmalı olduğu halda Ermənistanı dəstəkləyən bəyanatlar səsləndirdi. Görünən o idi ki, həmsədrlərin problemin ədalətli həlli məqsədi yox idi və onlar buna çalışmırdılar.
Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Azərbaycan Ordusunun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti birdəfəlik dəyişib. Bu münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyü ilə bağlı uzun illər səsləndirilən fikirlər puç oldu. Çünki münaqişənin hərb yox sülh yoluyla həll edilməsi Ermənistana heç bir siyasi təzyiq göstərilmədi. Həmsədr ölkə olan Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur.
Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü üçüncü tərəfin iştirakı kontekstində şərh etməyə çalışan qüvvələr yalnız ermənilərin maraqlarından çıxış edir, münaqişənin ədalətli həllini əngəlləməyə çalışırlar.
Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması, təbii ki, həmin dövlətləri ciddi narahat edir. Prezident İlham Əliyev bir neçə dəfə müsahibələrində bu qurumun fəaliyyətsizliyini tənqid edib.
“Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirir. Əgər onlar bacarmadılarsa, kim bacarar? BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü kiçik, yoxsullaşmış, asılı Ermənistana təsir edə bilmir? Onlar, sadəcə olaraq, istəmədilər”-deyə İspaniyanın Efe informasiya agentliyinə verdiyi müsahibədə Prezident qeyd edib.
Qeyd edək ki, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Xüsusilə coğrafi baxımdan uzaqda yerləşən, bu günə kimi münaqişənin real həll üçün addım atmayan Fransa və Kanadanın mövqeləri anlaşılan deyil və bütün bunlar Azərbaycan ictimaiyyətini ciddi şəkildə narahat edir. Yaxşı olardı ki, hərbi əməliyyatların yenicə başa çatdığı dövrdə bəzi dövlətlər ultimativ ritorikadan çəkinərək Ermənistanı reallıqlarla barışmağa, sövq etsin. Bu gün həmin dövlətlərin Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə çağırmaları daha məqsədəuyğundur.