Sabunçu Rayon İcra Hakimiyyəti ilə Müdafiə Nazirliyinin birgə təşkilatçılığı və Heydər Əliyev adına Hərbi İnstitutunun Orkestrinin iştirakı ilə "8 noyabr-Zəfər Günü" ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı konsert proqramı keçirilib.“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Müdafiə Nazirliyinin Şəhid ailələri, qadınlar və hərbi qulluqçuların ailələri ilə iş şöbəsinin rəisi Zümrüd Səmədova, Müdafiə Nazirliyinin bölmə rəisinin müavini, polkovnik-leytenant Rüfət Məmmədov, qazilər, şəhid ailələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
İlk olaraq tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını
“8 noyabr–Zəfər Günü” münasibətilə təbrik edərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatıb və 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük Zəfərə imza atıb:
“Azərbaycan xalqı öz lideri - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, qətiyyətini, mətinliyini, mübarizliyini və ən əsası birliyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi nəticəsində şanlı bayrağımızın işğaldan azad edilmiş ərazilərdə dalğalanması tariximizin ən şanlı, şərəfli və parlaq səhifəsinə çevrildib. Ümummilli lider Heydər Əliyevin parlaq, uğurlu və uzaqgörən siyasətinin bəhrəsi olan tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyidir”.
Sonra tədbir Heydər Əliyev adına Hərbi İnstitutunun Orkestrinin ifasında möhtəşəm konsert proqramı ilə davam edib.