Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri,
“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri
Səkinə BabayevaDiplomatiya – təkcə siyasi əlaqələr deyil, həm də xalqlar arasında körpülər salmaq, mədəniyyətləri yaxınlaşdırmaq, humanist dəyərləri yaymaq sənətidir. Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti müasir diplomatiyanın zərif və təsirli nümunələrindən biridir.Mehriban xanım Əliyeva təkcə siyasi və ictimai xadim kimi deyil, həm də mədəniyyətin, tolerantlığın və sülhün təbliğatçısı kimi beynəlxalq aləmdə tanınır. Onun xarici siyasətə və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr yalnız dövlətlərarası münasibətləri inkişaf etdirməklə kifayətlənmir, eyni zamanda Azərbaycanı dünyada humanizm və mədəniyyət beşiyi kimi təqdim edir.
ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyət göstərmək, sadəcə bir status deyil – bu, qlobal məsuliyyətdir. Mehriban xanım bu statusu yüksək səviyyədə daşıyaraq, Azərbaycanın zəngin mədəni irsini, multikultural dəyərlərini və sülhə sadiqliyini dünyaya tanıdıb. Onun təşəbbüsü ilə Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq, Novruz bayramı və digər milli irs nümunələri ISESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, həm ölkəmizin beynəlxalq nüfuzunu artırır, həm də milli dəyərlərimizi gələcək nəsillərə çatdırmaq baxımından mühüm addımdır.
Mehriban xanımın beynəlxalq səviyyədə qazandığı hörmət və rəğbət, onun sadəcə siyasi kimliyi ilə deyil, həm də insani keyfiyyətləri, səmimi ünsiyyəti və yüksək mədəniyyətə malik olması ilə bağlıdır. O, qlobal forumlarda, beynəlxalq tədbirlərdə Azərbaycan qadınının zəkasını, etikasını və liderlik bacarığını parlaq şəkildə nümayiş etdirir. Onun nitqləri, çıxışları və təşəbbüsləri diplomatik auditoriyalarda maraqla qarşılanır və geniş rezonans doğurur.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bir sıra beynəlxalq humanitar layihələr həyata keçirib. Pakistan, Bosniya və Herseqovina, İtaliya, Fransa, Gürcüstan və digər ölkələrdə reallaşdırılan təmir-bərpa işləri, səhiyyə və təhsil layihələri Azərbaycanın dünyada etibarlı tərəfdaş və xeyirxah ölkə kimi imicini möhkəmləndirir. Roma katakombalarının, Strasburq kilsələrinin bərpası, Pakistanda qızlar məktəbinin tikintisi, İordaniyada islam abidələrinin qorunması kimi işlər təkcə dövlət siyasətinin deyil, həm də şəxsi nüfuzun gücünü göstərir.
Mehriban xanımın diplomatik fəaliyyətində sosial və mədəni diplomatiyanın rolu böyükdür. O, bu sahədə klassik siyasi dialoqdan fərqli olaraq yumşaq güc konsepsiyasını uğurla tətbiq edir. Bu, daha çox insanlarla mənəvi və mədəni təmaslara əsaslanır və uzunmüddətli etimadın formalaşmasına xidmət edir. Mehriban Əliyeva bu yanaşma ilə Azərbaycanı dünyada sülhə çağıran, dialoqa açıq və mədəniyyətlərarası anlaşmanın tərəfdarı olan bir dövlət kimi təqdim edir.
Xarici ölkə liderləri, beynəlxalq təşkilatlar və nüfuzlu media orqanları Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirirlər. Onun diplomatik fəaliyyətinə verilən beynəlxalq mükafatlar, ordenlər və fəxri adlar bunun sübutudur. Mədəniyyətin qorunmasına, insan haqlarına və təhsilin inkişafına verdiyi töhfələr dünya səviyyəsində rəğbət və ehtiramla qarşılanır.
Mehriban xanım Əliyevanın beynəlxalq əlaqələrdə qadın lider kimi uğurla çıxış etməsi, qadınların ictimai və siyasi həyatda aktiv iştirakına da mühüm stimul verir. Onun timsalında həm Azərbaycan, həm də dünya qadınları gücün və zərifliyin, diplomatiyanın və duyğunun necə harmonik şəkildə birləşə biləcəyini görürlər.
Hörmətli Mehriban xanım Əliyeva!
Bu gün Sizin doğum gününüzdür. Sizi sadəcə dövlət xadimi olaraq deyil, həm də xalqın mədəniyyət daşıyıcısı və dünyaya açılan qapısı kimi görürük. Sizin fəaliyyətiniz Azərbaycan diplomatiyasına yeni nəfəs gətirib – rəsmi dillərdən çox, qəlblərlə danışan bir diplomatiya.
Sizi ad gününüz münasibətilə kolektivimiz adından səmimi-qəlbdən təbrik edirik. Arzu edirik ki, zəkanız daim yolumuzun çırağı, təbəssümünüz isə bu millətin ümid rəmzi olsun. Beynəlxalq aləmdə ucaltdığınız bayrağımız, ölkəmizin səsini dünyaya çatdıran səmimi və güvənli səsiniz daim eşidilsin!
Sizin kimi liderlər sayəsində Azərbaycan daha da güclənir, sevilir və tanınır!Hörmətlə: Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri,
“Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri
Səkinə Babayeva