Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!
HEYDƏR ƏLİYEVBu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.“Qanunyolu.info.az" xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.
Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.
"Qanunyolu.info.az" rəhbəri olaraq kollektivimiz adından 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə gələcəyimiz olan körpələrimizi səmimi qəlbdən təbrik edir, onlara xoşbəxt gələcək arzulayıram!