Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Heydər Əliyev


Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim mədəniyyət və incəsənətin inkişafına böyük qayğı göstərmiş, bu sahənin nümayəndələrinə fəxri adlar, qiymətli hədiyyələr vermiş, mədəniyyət müəssisələrinin bərpasını və yenidən qurulmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Bu gün Azərbaycanın bütün bölgələrində ulu öndərin saysız-hesabsız yadigarları var. Bunlar qüdrətli şəxsiyyətin xalqına, millətinə sonsuz məhəbbətinin təzahürüdür.

Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, təsviri sənətə, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.

Heydər Əliyevi hər şeydən öncə ədəbiyyatın yüksək borcu və amalı düşündürürdü. Azərbaycan yazıçılarının X qurultayındakı tarixi nitqində də o, ədəbiyyat və mədəniyyəti xalqımızın milli sərvəti və intellektual mülkiyyəti adlandırmışdı. "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir", - deyən Heydər Əliyev ümumən intellektə, ağıl və zəkaya böyük qiymət verirdi. Çünki o özü XX əsr Azərbaycan tarixinin yetişdirdiyi böyük zəka, intellekt sahibi idi.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Bu bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya döndülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli mütəxəssis olacaqdılar. Necə ki, oldular da. Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidinə çevrildik.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu, filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Ümummilli Liderin tarixi xidmətlərindən biri də odur ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü – azərbaycanlıların güclü diasporunun təməlini qoydu. Həmrəylik Gününün qeyd olunması ilə bağlı bu tarixi qərar o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bələliklə, bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da isə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Qurultaydakı nitqində Ümummilli Lider demişdir: "Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər".
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Müasir qloballaşma dövründə elmi-texniki tərəqqinin sürətli inkişafı gündəlik həyatda yüksək nailiyyətlərə, mütərəqqi dəyişikliklərə yol açsa da, bu prosesin tarixi-mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə müəyyən təhlükə təşkil etməsi də özünü qabarıq göstərir. Şərq-Qərb sivilizasiyasının bir-birinə yaxınlaşdığı, bəzən də gizli və açıq mübarizələrin getdiyi bir zamanda soykökə qayıdışın, milli özünüdərkin böyük əhəmiyyəti vardır. Xalqın tarixən formalaşmış yüksək mənəvi-əxlaqi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiyanın həyata keçirilməsi zərurəti ilk növbədə ziyalıların, elm və mədəniyyət xadimlərimizin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikası müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərin qorunması, gənc nəslə aşılanması xüsusi aktuallıq kəsb edir. Ümummilli Liderimiz Heydər Əliyevin təbirincə desək, "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır".
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Heydər Əliyevin Azərbaycana, onun sosial-mədəni, elmi-intellektual, iqtisadi-siyasi inkişafına, milli-mənəvi intibahına həsr olunan, xalqımızın tarixində bütöv mərhələ təşkil edən fenomenal fəaliyyətində milli dil siyasəti həmişə həlledici mövqe, aparıcı yer tutur. Təkcə yaşanılan dövrü, müasir mərhələni yox, Azərbaycan ədəbiyyat və mədəniyyətinin bütöv milli tarixini, mühitini əhatə edən dil siyasəti xalqın tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə istiqamətlənib. Müəyyən qədər unudulan, tarixin gizlinində xalqdan ayrı salınan milli ədəbiyyat və mədəniyyət nəhənglərinin üzə çıxarılması, bu yolla Azərbaycan dilinin böyük ədəbi yaddaşının bərpası, dilin daxili enerjisinin min illər boyu yığılan etnogenetik, ruhi-mənəvi potensialının oyadılması, hərəkətə gətirilməsi Ulu Öndərin misilsiz xidmətlərindən biridir. Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər, həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələrdir. Yubileylər vasitəsilə xalqa yenidən böyüklüyü, əzəməti ilə olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Onların heykəlləri Azərbaycan dilinin tarixi uğurlarını, sənət zirvələrini milli mühitin daimi, əbədi enerji mənbəyinə çevirir, ümummilli intibahda "gizli" iş görürdü. Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli fərmanı xüsusi əhəmiyyətə malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-i "Ana Dili Günü" kimi qeyd olunur.
Göründüyü kimi, Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi məhz Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı, Azərbaycan dili var olduqca Heydər Əliyevin dillə bağlı qoyub getdiyi zəngin irs də var olacaq, bizimlə, qəlbimizdə yaşayacaq, körpələrimizlə yenidən doğulacaq, yenidən nəfəs alacaqdır.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Estafeti Ümummilli Liderdən alaraq şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımız cənab İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. "Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır", – deyən möhtərəm prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. Son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində elm, təhsil və mədəniyyətin ayrı-ayrı problemlərinə həsr olunmuş çoxsaylı dövlət proqramları hazırlanıb təsdiq olunmuşdur.
Heydər Əliyev və Azərbaycan mədəniyyəti

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr də Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltəraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında Ulu Öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır!
ALLAH RƏHMƏT ELƏSİN ULU ÖNDƏR!

GÜLNAR RƏŞİDOVA
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Biləsuvar Regional İdarəsinin
Cəbrayıl Rayon Mahmudlu kənd Uşaq Musiqi məktəbinin direktoru
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter