Nikaraqua Prezidenti Daniel Orteqa Saavedra və vitse-prezidenti Rosario Muriyo Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndəriblər.“Qanunyolutv.az” xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri, Qardaşımız İlham Əliyev.
Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insanların həyatını itirməsi ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı veririk.
Faciəvi hadisədə həlak olanlara Tanrıdan rəhmət, onların ailə üzvlərinə və yaxınlarına isə səbir diləyirik”.
****
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev:“Hörmətli cənab Prezident.
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində baş vermiş ürəkağrıdan faciə ilə bağlı Sizə şəxsən öz adımdan, İsrail hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İsrail Dövləti çoxsaylı insan itkisi ilə əlaqədar kədərinizi bölüşür. Bu faciə nəticəsində həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı veririk. Yaralıların hamısının tezliklə tam sağalmalarını arzu edirik.
İsrail Dövləti, eləcə də Nəqliyyat və Yol Təhlükəsizliyi Nazirliyi bu çətin vaxtda Sizin yanınızdadır və lazım ola biləcək hər cür yardımı göstərməyə hazırdır.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul:“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar Qaqauziya sakinləri adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Bu ağır itkinin kədərini bölüşərək, faciə qurbanlarının ailələrinə və yaxınlarına təsəllimizi və dəstəyimizi ifadə edir, həmçinin hadisə nəticəsində yaralananların tezliklə tam şəfa tapmasını arzulayırıq”.
****
TÜRKSOY-un Baş katibi Sultan Raev:“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatından kədərləndiyimi bildirir, Sizə və xalqınıza dərin hüznlə başsağlığı verir, ağrınızı bölüşürəm.
Bütün Türk dünyasında dərin kədərə səbəb olan qəzada həyatını itirənlərə TÜRKSOY-un Baş Katibliyi adından və şəxsən öz adımdan Allahdan rəhmət, yaralananların tezliklə sağalmalarını diləyirəm”.
****
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud:“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması, bu hadisə nəticəsində həyatını itirənlərin və xəsarət alanların olması xəbərini dərin təəssüf hissi ilə qarşıladım.
Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah-Taaladan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin, xəsarət alanlara tezliklə sağalmalarını nəsib etsin! Allah Sizi bütün pisliklərdən qorusun!”
****
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud:“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.
Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm”.
****
Malayziyanın Kuala Lumpur şəhərinin meri Maimuna Mohd Şərif:“Zati-aliləri, cənab Prezident.
Dekabrın 25-də çoxlu sayda insanın həyatına son qoyan dəhşətli təyyarə qəzası ilə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Bu faciəli hadisə Kuala-Lumpur əhalisini qəlbən sarsıtdı. Biz bu hüznlü və kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyik. Faciə zamanı həlak olanların ruhları şah olsun, onların ailələrinə səbir diləyir, yaralananların tezliklə şəfa tapmaları üçün dua edirik.
Sizinlə birlikdə kədərlənirik və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik.
Zati-aliləri, Kuala Lumpur əhalisinin və şəxsən mənim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm”.
****
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha:“Zati-aliləri cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması, çoxlu sayda insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu ürəkağrıdan hadisə ilə əlaqədar kədər və hüznümü bölüşür, Sizə və Azərbaycan xalqına, həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Uca Allahdan mərhumların ruhuna rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev:“Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.
Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.
Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır”.
****
GUAM-ın Baş katibi Altay Əfəndiyev:“Zati-aliləri, hörmətli cənab Prezident.
Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyinin beynəlxalq əməkdaşları olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və çoxsaylı insan itkisi ilə nəticələnən faciə barədə kədərli xəbər bizi dərindən sarsıtdı.
Faciə zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır, bu çətin günlərdə Azərbaycan xalqının kədərini bölüşürük”.
****
Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan:“Zati-aliləri, əziz Qardaşım.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması və çoxsaylı insanın həlak olması barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq.
Sudan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz, həmçinin bu dəhşətli hadisə zamanı xəsarət alanların tezliklə və tam sağalmaları üçün dua edirik.
Bu kədərli vaxtda mən Sudan hökumətinin və xalqının Azərbaycan Respublikası ilə davamlı həmrəyliyini bir daha təsdiq edirəm. Uca Allahdan diləyirəm ki, həyatını itirənlərə rəhmət eləsin, onların yaxınlarına səbir və təsəlli versin.
Zati-aliləri, əziz Qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Xorvatiya Prezidenti Zoran Milanoviç:“Hörmətli cənab Prezident.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan onların ailələrinə və bütün Azərbaycan vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.
Bu kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyliyimizi bildirir, yaralıların tezliklə sağalmalarını arzulayırıq.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
****
Əlcəzair Prezidenti Abdelmacid Tebbun:“Zati-aliləri.
“Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.
Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.