Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun kənd və qəsəbələr üzrə inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə onlayn videomüşavirəsi keçirilib. Müşavirədə çıxış edən İcra Hakimiyyətinin başçısı İradə xanım dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır.
İcra başçısının apardığı onlayn müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) infeksiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus pandemiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır. Rayon rəhbəri hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin
“daim vətəndaşın yanında olun” ,
“biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videomüşavirə vasitəsilə hər kəsi məsuliyyətli olmaqla tələb olunan karantin rejiminin qaydalarına əməl etməsi ilə bağlı ciddi göstərişlər vermişdir.

“Qanunyolu.info.az” xəbər verir ki, müşavirədə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı rayondakı vəziyyət, sözügedən infeksiyadan sakinlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər və bundan sonra atılacaq addımlar müzakirə edilib. Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejiminin müddətinin cari ilin mayın 31-nə qədər uzadıldığını və bu rejimin Abşerona da aid edildiyini vurğulayan İradə xanım Gülməmmədova bildirib ki, koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməli, məhdudiyyətlərə və sanitar gigiyenik normalara əməl olunmalıdır.
Bəzi rayonlarda məsul şəxslər tərəfindən vəzifə səlahiyyətlərinin aşıldığını, saxtakarlığa yol verərək saxta arayışlarla ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işinin açıldığını xatırladan rayon rəhbəri İradə Gülməmmədova icra nümayəndələrinə və bələdiyyə sədrlərinə bir daha bildirib ki, belə hallara yol verən şəxslər vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcək.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri və müraciət edən sakinlər barəsində danışan başçı daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələrdən söz açıb. Eyni zamanda yay fəsli ilə əlaqədar olaraq rayon ərazisində yaşıllıqların qorunmasının vacibliyini qeyd edib.
P.S."Qanunyolu.info.az" Rayon İcra Hakimiyyəti başçısı İradə xanım Gülməmmədovaya və onun rəhbərlik etdiyi kollektivə bu çətin və ağır günlərdə gördükləri və apardıqları mühüm əhəmiyyətli işlərində uğurlar diləyir, xalqımıza isə #EVDƏQAL# aksiyasına qoşularaq özümüzü, ailəmizi, ölkəmizi və dünyamızı qoruyaq deyirik.
"Qanunyolu.info.az" baş redaktor Arif Süleymanlı