Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən həmin məktubların bir neçəsini təqdim edir:
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən Oqtay Həziyev kənd sakinləri adından dövlət başçısına minnətdarlıq edərək yazır: “Hörmətli cənab Prezident, bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik. Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq. Hər zaman belə uca olasınız, cənab Prezident!”.
Biləsuvar rayonunun Nərimankənd kəndinin sakini Sifeyrə Əliyeva: “Əziz Prezidentimiz, dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunuzu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı, yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə cansağlığı versin və bu bəladan xalqımızı qorusun!”.
Laçın rayonundan məcburi köçkünlər Süleyman Şahverdiyev, Sənani Əhmədov, Nüsrət Fərzəliyev, Mirzə Kərimov və Ədalət İbrahimov yazırlar: “Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz. Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunan onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür. Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin!”.
Ağstafa rayonunun sakini Zahid Sultanov: “Hörmətli cənab Prezident, ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyinizlə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək. Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm”.
İsmayıllı rayonunun Basqal qəsəbəsindən Nərgiz Əsədli: “Hörmətli cənab Prezident, Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun”.
Sabirabad rayonunun Qalağayın kəndindən Səlminaz Novruzova: “Hörmətli cənab Prezidentimiz, mən Qalağayın kəndinin 65 yaşlı sakiniyəm, 3 övladım, 6 nəvəm var. Ulu öndərimiz Heydər Əliyevin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik. Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır”.
Balakən rayonundan Aytac Balagözova: “Hörmətli cənab Prezident, mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm”.