Şəki Xanları ilk üçlükdə, Qazax klubundan isə ardıcıl 2-ci məğlubiyyət

  • 29.08.2020, 13:15,
  • İdman
  • Baxılıb: 24
Şəki Xanları ilk üçlükdə, Qazax klubundan isə ardıcıl 2-ci məğlubiyyət

FIFA20 1-ci Liqasının avqustun 28-də keçirilmiş 27-ci turunun ən maraqlı hadisəsi Şəki təmsilçisinin üçlüyə daxil olmasıdır. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ötən turda Qarabağa qalib gələn Ayxan Əliyevin idarə etdiyi komanda 27-ci turda “Şamaxı şirləri” üzərində böyük hesablı qələbə (5:1) qazandı. Tural Həsənovun Qarabağı, öz növbəsində, Qobustanla oyunda yenə də xal itirdi (1:1). Qazax təmsilçisinin “Tovuz Winegrowers” komandasına məğlub olması isə Ayxanın işinə yarayıb. Belə ki, Qazaxla xallarını bərabərləşdirən Şəki daha yaxşı top fərqinə görə üçlüyə daxil olub.

Qeyd edək ki, Şəki təmsilçisi Qazaxı liqanın 10-cu turundan bəri qarabaqara izləyirdi və, nəhayət, 18 tur sonra istəyinə nail ola bildi. Rəqiblərlə müqayisədə FIFA oyunu üzrə daha az təcrübəsi olan Ayxan Əliyev ötən mövsümdə ilk üçlüyə daxil olmağı bacardı, hazırda isə 1-ci Liqada çempionluq uğrunda inamla irəliləyir. Gənc geymer bombardirlər yarışında da məhsuldar oyunu ilə seçilir və 66 qolla ilk pilləni tutur.

Vahid Əfəndiyevin başçılıq etdiyi Qazaxı son turda məğlub edən Tovuz Winegrowers ikinci diviziondan 1-ci Liqaya yüksəlmiş 5 komandadan biridir, ancaq onlardan fərqli olaraq kifayət qədər mübariz oyun sərgiləyir. Məhz bu əzmkarlıq sayəsində Ənvər Əliyevin komandası nəinki liderlərdən xal qoparmağı, eyni zamanda turnir cədvəlinin səkkizliyində möhkəmlənməyi bacarıb.

Qazaxdan fərqli olaraq öz oyunlarını qələbə ilə başa vuran Quba və Naxçıvan çempionluq yarışında uğurla irəliləyirlər. Hazırda Şəki və Qazaxı lider Qubadan – 10, Naxçıvandan isə 7 xal ayırır.

Liqanın son turlarında çempionluq, eləcə də mükafat yerləri uğrunda amansız mübarizə davam edir. Odur ki, bir-birindən maraqlı oyunları canlı olaraq həftənin 6 günü 12:00-dan 17:00-dək GLAHUB youtube kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında izləməyə davam edin.

Eyni zamanda FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatları kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytından əldə edə bilərsiniz.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İdman TV, Azərbaycan Kiber İdman Federasiyası, Gaming League Azerbaijan (GLA) və Topaz-ın birgə təşkilatçılığı, BirBankın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.
Şəki Xanları ilk üçlükdə, Qazax klubundan isə ardıcıl 2-ci məğlubiyyət
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter