SÜLEYMAN ABBASOV: Azərbaycan Polisi - dövlətə və xalqa sədaqətlə xidmət edir

SÜLEYMAN ABBASOV: Azərbaycan Polisi - dövlətə və xalqa sədaqətlə xidmət edir

Polis peşəsi ağır peşədir, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, təhsil və təcrübə tələb edir.

Ümummilli Lider Heydər Əliyev


2 İyul - Azərbaycan Polisi Günüdür. Vətəndaşlarımızın asayişinin, daxili təhlükəsizliyin və cəmiyyətin qanuni mənafelərinin keşiyində duran daxili işlər orqanları bu peşə bayramını da mübariz əzmkarlıq, böyük ruh yüksəkliyi və yüksək inam hissi ilə, həmçinin xidmətdə əldə etdikləri müsbət nəticələrlə qarşılayırlar. Azərbaycan Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Müəllim mənəviyyatın, həkim sağlamlığın, hakim ədalətin keşiyini çəkir, lakin bu çətin və şərəfli peşələrdən biri də polis peşəsidir, ona görə ki, polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. Polis ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkir, eyni zamanda cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparır.

İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər?. Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur. Məsələn, bütün bayram günlərində vətəndaşlarımız müəyyən qədər istirahət edir, polis əməkdaşları isə gücləndirilmiş iş rejimində işləyir. Ümumiyyətlə polis əməkdaşları bütün günü təhlükəsizliyin keşiyində dayanır, başqasının malını, mülkünü, ailəsini qorumaq üçün, hətta onlar öz qanını, canını, əsirgəmədən, hər cür təhlükənin üzərinə gedərək öz peşə vəzifələrini yerinə yetirirlər. Buna görə də həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Məlumdur ki, bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Lakin, heç də hər şey göründüyü kimi deyil. Çünki polis qanunların və insan haqlarının qorunmasına bütövlükdə cəmiyyətin qorunmasına xidmət edir. Eyni zamanda, hər bir insanın həyatında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub:

Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.

Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.

Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayır:

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.

Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Çətin və şərəfli peşə sahibi olan Azərbaycan polisləri peşə bayramınız mübarək!

107-ci ildönümü münasibətilə bütün polis əməkdaşlarını və veteranlarını təbrik edir, onlara yeni uğurlar arzulayırıq!


Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi
polis polkovnik-leytenantı Süleyman Abbasov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter