12 iyul 2024 - cü il tarixində Yardımlı rayon Avaş kəndində şəhidimiz Mayıllı Mahmud Əflatun oğlunun cənnətdəki mövlud günü tədbiri keçirildi. Şəhidin sevən hər kəs bu tədbirdə iştirak etdilər.44 günlük Vətən müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə vətənin qeyrətli övladları öz şücaətlərini, igidliklərini göstərdilər. Ön cəbhədə qəhrəman oğullarımız öz qanları, canları bahasına qarış- qarış Vətən torpaqlarını düşmən tapdağından azad etdilər. Bu oğullardan biri də Yardımlı rayon Avaş kəndində 12 iyul 2002-ci ildə zəhmətkeş bir ailədə dünyaya göz açmış Mayıllı Mahmud Əflatun oğludur.
Atası Əflatun kişiylə şəhidimiz haqqında söhbət edərkən danışdığı xatirələr sözün əsil mənasında insana qürur hissi yaşatdı. Əflatun ata qeyd etdi ki, mən hər il Mahmudun ad gününü keçirirdim, 2020 ci ilin 23 iyuluna çağırış gəlmişdi, hərbi xidmətə yollanacaqdı. Mən də bir quzu alıb ayın 12-də Mahmudun ad gününü qeyd etmək üçün hazırlıq görürdüm. On ikisi səhər tezdən Mahmud yanıma gəlib dedi ki, ata, quzunu kəsməyəcəksən.
Suallarla dolu baxışlarımla üzünə baxıb dedim: -niyə axı ay bala?
-
Mənə cavabı: Ata, mənim yaşıdlarım bu gecə Tovuz rayonu istiqamətində düşmən təxribatı zamanı şəhid olub, mən ad günü keçirə bilmərəm. İyulun 14-ü Generalımız Polad Həşimov şəhadətə ucaldı. Bunu eşidib çox pis olmuşdu Mahmud.
-
Soruşdum: oğul, bəlkə qorxursan? Yox, ata, nədən qorxmalıyam. Mən gedib generalımızın qisasını alacağam, qələbə bizimdir! O gündən ancaq müharibə, qazanacağımız qələbə haqqında danışırdı. Məktəbi bitirəndən sonra yüksək balla "Şirvan Dövlət İqtisadiyyat və Humanitar" kollecinə daxil olmuşdu. İmtahan vermədən birbaşa universitetə qəbul ola bilərdi. Dedim ki, oğul bəlkə möhlət hüququ alım, universitet oxuyasan? Qəti şəkildə qəbul etmədi.
Mahmud dedi: Mən vətənin dar günündə qala bilmərəm, qismət olsa gələndən sonra oxuyaram. Anasının onunçün çox narahat olduğunu deyəndə mənə belə cavab verdi:
-Bir ana bir əsgərin anasıdır, bu Vətən isə bütün əsgərlərin anasıdır. Mən vətəni qorumalıyam.
Beləliklə Mahmud hərbi xidmətə yollandı. Bakıda hərbi xidmətdə olan Mahmud, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq ön cəbhəyə yollanır. İgid, qorxmaz, Vətənpərvər, düşmənlə döyüşən vətənin igid oğlu Mayıllı Mahmud 2020-ci il oktyabrın 13-də Füzuli rayonu istiqamətində cənub-şərq cəbhəsində düşmənin keçilməz sədd adlandırdığı "Ohanyan səddi"nin dayaq nöqtəsini məhv etmək üçün gedən əməliyyatda şəhadətə ucalır.
Ölümündən sonra ona Cənab Prezident İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda",
"Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" medallarıyla təltif olunub.
Bəli, Mayıllı Mahmud qəhrəman kimi doğuldu, qəhrəman kimi vətənini, torpağını, bayrağını sevərək canını, qanını torpaqlarımızın azadlığı uğrunda fəda edərək bu həyatdan cənnətə əbədi olaraq köçdü! Şəhidlik ölməzliyin ən uca zirvəsidir!
ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZİN MƏKANINI CƏNNƏT, MƏQAMINI ALİ ELƏSİN!"QanunyoluTV.az"
Təsisçi və baş redaktor: Arif Süleymanlı
Şöbə müdiri: Şahin Rəhimli