Hər birimizin həyatında sevinc və kədər hisslərini eyni zamanda keçirdiyimiz anlar olub. Təzadlı hisslərin və duyğuların bir-birini əvəzləməsi təbiidir, amma eyni vaxtda onlar nadir hallarda yaşanır. Bu gün bir fərd olaraq hər birimiz və bir millət olaraq bütövlükdə həm sevinir, həm də kədərlənirik. Sevinirik ona görə ki, uzun illər boyu həsrətində olduğumuz Vətən torpaqları düşmən işğalından azad olub... Ona görə ki, qətiyyətli Ali Baş Komandanın rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusu böyük Qələbəyə imza ataraq Vətəni bütövləşdirib, haqqı və ədaləti bərpa edib, xalqımıza və dövlətimizə zəfər qazandırıb. Kədərlənirik ona görə ki, bu müqəddəs savaşda canından və qanından keçməyə hazır olan qeyrətli oğullar itirmişik, şəhidlik zirvəsinə ucalmış igidlərimiz, dinc əhali arasında həlak olanlarımız, yaralı soydaşlarımız var.
Yeganə təsəllimiz bisə sonsuz sevinc və böyük qürur hissi yaşadan Zəfərimizdir. Azərbaycanımıza bu zəfəri bəxş edən şəhidlərin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik. Mənfur düşmənlə qanlı döyüşlərdə canlarını qurban vermiş igidlərimizin ailələrinə, doğmalarına və əzizlərinə hərtərəfli dəstək olmaq vətəndaşlıq borcumuzdur.
Qazilərimizə də xüsusi ehtiramla yanaşmalıyıq. Dövlətimiz Vətən müharibəsində yaralanmış qorxmaz və cəsarətli oğullarımıza böyük diqqət və qayğı ilə yanaşır. Amma döyüş meydanında düşmən gülləsinə tuş gəlmiş Vətən övladlarına həssas yanaşma hər birimizin borcudur.
Bu günlərdə yuxarıda qeyd etdiyim təzadlı hissləri özüm yaşadım. “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi adından gənc yaşında taleyin hökmü ilə şərəfli qazi adına layiq görülmüş və sağlamlığını bərpa etmək üçün hərbi hissədən məzuniyyətə buraxılmış İbrahim Məmməd oğlu Məmmədzadə ilə görüşdüm. Qələbə münasibətilə igid əsgərimizi təbrik etdim, bizə qələbə sevincini yaşatdığına görə minnətdarlığımı bildirdim, ona şəfa dilədim.
İbrahimin valideynləri Şuşanın Quşçular kəndində yaşayıblar. Anası 2016-cı ilin dekabrında ağır xəstəlik nəticəsində vəfat etdikdən sonra bacısı ilə tək qalıb. Paytaxtda yerləşən Şuşa şəhər məktəbinin 9-cu sinfini bitirdikdən sonra Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olub. Ordu sıralarında hərbi xidmətə çağırılanadək fəhlə işləyib. Bacısının ailəsi ilə birgə Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Gilavar” sanatoriyasıının binasında məskunlaşan İbrahim 2019-cu ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə çağırılıb.
Taleyinə Vətənin erməni işğalı altında olan torpaqlarının azad edilməsi uğrunda qanlı döyüşlərdə iştirak etmək yazılıbmış. Tabor komandirinin rabitəçisi kimi manqa komandiri qismində savaşa qatılan İbrahim düşmənin top mərmisinə tuş gəldiyi günü belə xatırlayır:

- Taborumuz Tərtər meşələrində ermənilərlə üz-üzə gəldi. Suqovuşanda, üzü Ağdərə istiqamətində düşmənin “530-cu” adlandırdığı yüksəklikdəki səngərdə ermənilərin bir qrup canlı qüvvəsini məhv edib postu ələ keçirmək məqsədilə hücuma atıldıq. Tabor komandirinin briqada komandiri ilə telefon əlaqəsini qururdum ki, düşmənin top mərmisi düz bizim ikimizin arasına düşdü. Hər şey bir göz qırpımında baş verdi. Mərminin partlayış zərbəsi məni 15 metr kənara tulladı. Nə baş verdiyini dərk etmədən ayağa qalxdım, amma yenidən yerə yıxıldım. Qulaqlarım cingildəyir, heç nə eşitmirdim. Gözümü açanda hər yeri toz-torpağa bürünmüş gördüm. Bədənimdə, daha çox qollarımda və ayaqlarımda çoxsaylı qəlpə yaraları var idi. Ətrafa boylandım, bir kimsə yox idi... Sürünərək yaxınlıqdakı ekskovatorun içində uzandım. Özümlə daşıdığım rabitə qurğusu sıradan çıxmışdı. Düşmənə əsir düşməmək üçün özümü öldürmək barədə düşünürdüm. Son anda gizirimiz Bəxtiyar Hüseynov dadıma çatdı, məni çiyninə alıb döyüşçülərimizin olduğu yerə çatdırdı. Amma təhlükə yarandığına görə bu yerdən uzaqlaşmalı və 3 saatdan çox düşmən səngərində daldalanmalı oldum. Səhər saatlarında, təqribən 10 radələrində yaralanmışdım, yalnız axşam saat 8-ə yaxın dağın başından üzü açağı sürünə-sürünə düşə bildim. Əsgərlərimizdən biri məni halsız görüb köməyimə gəldi, belinə alıb Suqovuşan qəsəbəsinə, kəşfiyyatçılarımıza çatdırdı. Onlar məni Talışkəndə gətirdilər. Buradan sanitar maşını ilə Naftalana yola saldılar. İlk yardımı Naftalan şəhər xəstəxanasında göstərdilər. Sonra Göyçay və Şəmkir xəstəxanalarına aparıldım. Bir müddət sonra Bakı şəhərinə gətirildim. Hələ ki gəzə bilmirəm. Əsadan istifadə etməyə məcburam. Ümidim həkimlərədir. Sağalıb hərbi hissəmə qayıtmalıyam. Xidməti başa vurduğum gün Şuşaya gedəcəyəm. Doğma Şuşa uğrunda savaşda iştirak etmək ən böyük arzum idi. Qismət olmadı...

İbrahimdən igid əsgərimizə şəfa diləyi, növbəti görüşümüzdə onu sağlam görmək arzusu ilə ayrılıram. Ümidvaram ki, xeyirxah insanların köməyi, həkimlərimizin səyi ilə Vətənin işğal altında olan torpaqlarının azad edilməsi uğrunda döyüşlərdə ağır yaralanmış İbrahim tezliklə sağalacaq, hərbi xidmətini uğurla başa çatdıracaq və dinc həyata qovuşan doğma Şuşa torpağına müzəffər ordunun yetirməsi kimi qədəm qoyacaq.
Əmin olduğum isə budur - “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi uşaq yaşlarında valideynlərini, gənc yaşında silahdaşlarını itirmiş igid qazimizi tənha qoymayacaq.
Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri